Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan), Xətai Sənət Mərkəzi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının (ARİ) dəstəyi ilə akvarelçi rəssamların “Su və rəng ahəngi – 2023” adlı sərgisi açılıb.

Xətai Sənət Mərkəzində təşkil olunan tədbirdə Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli, ARİ-nin katibi Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Beynəlxalq Akvarel Cəmiyyətinin prezidenti Atanur Doğan, cəmiyyətin Azərbaycan nümayəndəliyinin rəhbəri Səbinə İskəndər artıq ənənə halını alan akvarel sərgisinin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim edib. Onlardan 56 rəssamın 100 əsəri seçilərək ekspozisiyada nümayiş olunur.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Tədbir çərçivəsində Atanur Doğan ilə Azərbaycanda akvarel sənətinin inkişaf yolları müzakirə edilib.