Elə cavanlığından bu dünyaya qoca-qoca baxıb xoca-xoca davranan, qonorarı-donorarı şahı-şahı qazanıb xanı-xanı dolanan, başını aşağı - təvazölüyə, baxışını göylərə - hamıdan böyüyə dikib namuslu bir ömür yaşayan, adı - özgür düşüncələrinə görə - rəsmi kağızlara az düşsə də, xəlqi dil-ağızlardan heç düşməyən, həyat-söhbət ləngərində pəmbə, poeziya-sənət səngərində bomba, fizikən “təpə”cə, lirikən dağca - Fikrət Qoca...
Şair haqda bu birnəfəsə ilham-təb “təfsir”inin ardınca onun göz açıb gördüyü “məhzun” təbiətə dair -
Füzun bir “təbiət təsviri”
Ağdaş rayonunun tər-təbiəti haqda fikirləşəndə oçerkistlərin, tənqidçi, tədqiqatçı və publisistlərin “təbiət şairliyin ilkin rəhnidir” kimi “tarixi-müqəddəm” qənimətləri məndə belə bir qənaət doğurur ki, əlbəttə... (tək elə) “şair sözü yalan” deyilmiş.
Bu şairin şəcərə və doğum toponimi kompleksinin kolorit təbiəti isə başqa məsələ! Babası Qoca, atasının adı Göyüş, öz adı Fikrət, kəndi Kotanarx. Anadan olanda isə repressiya “qardaş”ının Stalin atadan olmasına iki il qalırdı. Onların da evlərinə - bütün SSRİ evlərinə, həyətlərinə, könüllərinə, qırım-durumlarına olduğu kimi, oyuncaqlar əvəzinə, löyün-löyün oyunlar ayaq açırdı. Anasının laylalarından doymamış atasının qoyun-quzusunu haylayırdı. Nənəsi ona noğul əvəzinə nağıl yedirirdi. Məktəbdə ona sırınan “baba” haqda dil-dil ötdüyünə görə evdəki babasının ağız büzməsinə süsəncə-sünbülcə gülümsünürdü. Könlündən, hələ qələmə gəlməyən “bu atəşlər nə vaxtacan “toy” çalacaq, bir gün səni oynatmağa saqqalım mane olacaq, oyuncaq!” kimi misralar keçirdi. Ürəyində “güllələr demədi qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var?!” ladında düşünən yaşıdları ilə rastlaşıb dostlaşmaq arzusu alovlanırdı.
O, doğulduğu quru, qeyri-füsunkar, təbsiz təbiət qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət hadisəsi kimi yaranıb-gəlişirdi. Yaratmağa isə çox az qalırdı. Canında-qanında “olan”dan çox “olabilən”lik olan ədəbiyyat elementlərini imla-inşa edən qələmi o günə qədər olmayanları yazmağa susayırdı. Dördəmə çapmaq həvəsli bu köhlən qələmi qədərincə suvarmaqçünsə arx suları yetərli deyildi. Ağdaşdan daşlanmaq, Kotanarxdan üzüyuxarı axarlanmaq gərək idi. Təsəvvüründəki dəryada onu seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca pay taxtı gözləyirdi.
Bu da paytaxt...
Bakı onun gəlişinə bənd imiş; əlbəəl milyonlardan biri olan bu ismi götürüb, beş-onlara məxsus imzaya çevirdi. İyirmi bir yaşı tamam olmamış şeirləri dillərdə əzbər oldu. Professional tənqidçilərdən bir az sonra sadə oxucular da hiss etdilər ki, Fikrət Qoca imzası “köhnə yazar-bazara təzə dux” gətirməkdədir. Belə ki, məsələn, “Aşıq eldən yuxarı” kimi kəlmələrdən sonra qafiyə və siyasiyyə xatirinə “dizi beldən yuxarı” yox, tutalım, “sözü güldən yuxarı” deyir. Gordülər ki, Fikrət Qoca nəinki fikrin, hətta hər sözün də içini rentgen kimi göstərir. Fəhm-zəhmləndilər ki, başdan-başa yeni, ulu Rəsul Rza bu hələ olu şairə havayıdan “Uğurlu yol” yazmayıb. “Aydındır şeirin dili; istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. O qədər aydındır ki, bu dil - nadan yüz il oxusa, yenə bir şey anlamaz!” kimi şedevrlərin müəllifi Rəsul Rza!
Və o müasir qaragöz-qaregözlər gördülər ki, bu yeni şairin gənci çox işləyib az qazansa da, aksessuar kasıbçılığından çıxış yolu sarıdan korluq çəkmir: “Güzgünü neyləyirsən, ay gözəl, Üzündə gör özünü, ay gözəl!..”
Şair bu sığal-tumar əşyasını o vaxtlar ictimai-siyası aksessuar kimi də axtarıb:
Adamların
Üzünün,
Sözünün,
Rəngi qaçıb.
Elə bil, heç kəsin
Özünün sözü-söhbəti yoxdu,
Sifəti yoxdu.
Şəffaf şüşə qab kimidi.
Arxası-üzü bilinmir.
İçində mətləb olmayanda
Adam özü görünmür.
Bu adamlara nə olub belə,
Çoxunun rəngi qaçıb.
Hansı heyrətdən
Ağızlar açıq qalıb?
...Bu boşluqda qulağım batıb,
Yadımdan çıxıb öz adım.
Bir adam üzü tapsaydım,
Gözündə özümə baxardım.
Məşhur, gurultulu “qurultaydan-qurultaya” dövrlərində, “Anjela Devisə azadlıq!” etaplarında Fikrətin də sovet ladına düşdüyü, yad yazdıqları olub. Amma heç vaxt adi yazmayıb, babalı öz boynuna düşəsi mövzulara, zikrə əl verməyən fikirlərə qol qoymayıb. Onun misraları daim yoxuşa, dağ-qayaya dırmandığından, şeirlərinin, poemalarının hamısı poetik tər qoxuyur. O, heç vaxt oxucunun bir oturuma yeyəcəyi fikir “istehsal”ı ilə məşğul olmayıb; onların sabah-birisigününə, hətta “yekələndə”liklərinə belə sətiraltı, mənaüstü “ehtiyat”lar görüb.
Ancaq fikirləri nə qədər “mürəkkəb” olsa da, malı-mayası yalnız sadəliklərdən, rahəthulğum “omac-umac”lardan yoğrulan nəğmələrə, mahnılara çox əlverəndir. Hələ onu demirəm ki, bircə mahnıda - düşüncəyə dalmaq üçün - az qala, yüzbircə mahna verir. Mübaliğələrindən baş gicəllənsə də, könüllər dalğa-dalğa cücərlənir, yekə-yekə hisslər uşaq-uşaq dəcəllənir: “Sən dönsən də, mən dönmərəm, Günəş sönər-mən sönmərəm...”
Təxəllüsü ilə özünü çox tez qocaltmış şair o mahnıların biri ilə əlli ildən çoxdur gənclərə elçilik edir. “Dostum evlənir” mahnısı hər dəfə efir-ekranda səsləndikcə, ata-analar qayğılanır, özlərini müqəyyəd hədəf hesab edən qızlar uyğulanır, əsərin baş qəhrəmanı olan cavan-comrullar isə - öz umu-küsülü baxışları ilə - Ruhəngiz xanım Qasımovanın şıdırğı taktları üstündə xitablanan: “Ay ana, ay ana, dostum evlənir, Qonşudan, qonşudan bir çiçək dərir!” ərz-ərizəsi altına imza atırlar...
...Və bütün bu lirik, poetik, romantik ovqatların ayrıca bir bulağı kimi qaynayan şair hərdən bizi oyanışa da səsləyir: “Dünyanın harasındasa bir körpə aclıqdan yata bilmir...” Hərdən bizi kütləvi dayanışa çağırır: “Yol verin, hamilə qadın gəlir...” Hərdən də, yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:
Gəlin, bölünməyək doğmaya, yada, -
Hamı - bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.
Qanımız qarışıb qardaş qanına,
Bu torpaq əmanət verilib bizə.
Siz gəlin Şəhidlər xiyabanına,
Görün, o şəhidlər nə deyir sizə.
Yaz, həmişəcavan Qoca şair, yaz. Bu basırıq şəhərimizdən uzaqlara, ucqarlara gedən yaza yaz. Sivilizasion rəfiqələrinin inteqrasion sevişmələrindən fərqli olaraq, ulu nənələr, hələ üzüsulu analar kimi sevib-sevilən bir yüzdə-mindəbir qıza yaz. Dayanma, ustadın demişkən, “durma, yaz!..”
Tahir Abbaslı