Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas prioritet məsələlərindən biri də film nümayişlərini təşkil etməkdir. Bu sahədə əsas məqsəd yerli kinorejissorların filmlərini nümayiş etdirməklə onlara dəstək olmaq, yeni xarici filmləri tamaşaçılar üçün əlçatan etmək və tamaşaçılarda film müzakirəsi ənənəsini formalaşdırmaqdır.
AKİ-dən bildirilib ki, bu il ərzində “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində 6 tammetrajlı bədii film, İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində isə 4 tammetrajlı bədii film nümayiş olunub.
Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə keçirilən film nümayişləri də maraqla qarşılanıb.
2023-cü ilin ilk nümayişində “Səadət sorağında üç qəhrəman” başlığı adı altında üç qısametrajlı sənədli film – Elvin Aşirovun “Eviniz haradadır”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovun “Unudulmuş arzular” yer alıb.
Fevral ayında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi, Arif Babayevin 95 illik yubileyi münasibətilə “Gün keçdi” bədii filmi, “Ən yeni tariximiz kinoda” başlığı altında Qulu Əsgərovun “Hasar”, Əli-səttar Quliyevin “Mən qardaşımı axtarıram”, Rüstəm Babazadənin “Son payız” qısametrajlı bədii filmləri və Nikita Mixalkovun “Şahidsiz” tammetrajlı bədii filmi Azərbaycan dilində dublyajla nümayiş olunub. Həmçinin Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” bədii filmləri martda nümayiş edilib. Aprel ayında İlqar Nəcəfin “Suğra və oğulları” və İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filmlərinə yer ayrılıb.
Cari ilin mayında tanınmış rejissor, Xalq artisti Oktay Mirqasımın 80 illik yubileyi münasibətilə “Günaydın mələyim” tammetrajlı bədii filmi tamaşaçılara təqdim olunub.
Rejissor İlqar Safatın “Sahə”, Andrey Tarkovskinin “Güzgü” tammetrajlı bədii filmləri isə yay aylarında göstərilib.
İlin yeni mövsümündə “Üç evin hekayəsi” başlığı altında Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşfiqin “Motivator”, Leyla Qənbərlinin “Qırmızı ev” qısametrajlı sənədli filmləri (sentyabr), Şirin Əhmədovun “Qütb ulduzu”, Elnur Paşanın “Yalnız məzar” qısametrajlı bədii filmləri nümayiş olunub.
Bu ilin son aylarında AKİ tərəfindən Tofiq Ağazadənin “Yeddi oğul istərəm” tammetrajlı bədii filmi, “Sənədli film gecəsi” başlığı altında Elvin Aşirovun “Gülyetərin qayıdışı”, Pərviz Həsənovun “Fəsillər”, Orxan Adıgözəlovun “Nigaran” qısametrajlı sənədli filmləri və Rəşad Babayevin “Biletsizlər” tammetrajlı bədii filmi nümayiş edilib.