Azərbaycan Turizm İnstitutunda dördüncü məzun buraxılışı
   
   İyulun 10-da Azərbaycan Turizm İnstitutunda (ATİ) dördüncü məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirildi.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, müavinlər Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, millət vəkilləri, ölkəmizdəki diplomatik korpusların nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən aparıcı hotellərin və turizm şirkətlərinin rəhbərləri iştirak edirdilər.
   “Məzun 2013” mərasimi Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı. Mərasimi ATİ-nin prorektoru Eldar Aslanov açaraq 2012-2013-cü tədris ilinin yekunları barədə məlumat verdi. Qeyd olundu ki, bu il təhsil ocağını 161 nəfər bitirib.
   ATİ-nin rektoru, professor Cəfər Cəfərov mərasimdə çıxış edərək bildirdi ki, insanın həyatında yaddaqalan, unudulmayan elə hadisələr var ki, o günləri, o anları yenidən yaşamaq ona xoş gəlir: «Bugünkü növbəti məzun törənimiz həyəcan və sevincin qovuşduğu günlərdən biridir. Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin, mədəniyyət və turizm naziri, həm də müəllim həmkarımız Əbülfəs Qarayevin diqqət və qayğısı, nazirliyin, digər dövlət və özəl strukturların institutumuza səmimi münasibəti, ATİ kollektivinin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Əgər bu gün ATİ-nin bakalavr və magistr pilləsi üzrə 161 nəfər tələbəsi məzun adını qazana bilibsə, bu, məhz bizlərə və sizlərə göstərilən böyük etimad və qayğının nəticəsidir. Onu da qeyd edim ki, builki məzunlardan 15 nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomlarını əldə edib».
   Rektor üzünü məzunlara və onların valideynlərinə tutaraq dedi: «ATİ məzunlarının işlədiyi müəssisələrdən xoş soraqlar eşidirik. Bu bizi sevindirir. Sizlərə də ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirik. Min bir zəhmətlə böyüdüb boya-başa çatdırdığınız və 4 il əvvəl ATİ-yə etibar etdiyiniz övladlarınız bu gün artıq yüksək bilik və bacarıqlara sahib, ürəkləri Vətən sevgisi ilə dolu Azərbaycanımızın xidmətindədirlər. Onlarla fəxr etməyə haqqınız var. Gəlin, bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə edək. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola bilərik. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun».
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məzunları təbrik edərək, onlara bitirdikləri ali məktəbin adını daim uca tutmağı və Azərbaycanın gələcəyi naminə çalışmağı tövsiyə etdi. Nazir bildirdi ki, artıq dördüncü dəfədir ki, «Məzun günü»nü qeyd edən ATİ Azərbaycanda məzunlara ikili diplom verən yeganə ali məktəbdir: «Zaman göstərir ki, bu məktəbin yaradılması ilə bağlı ölkə başçısının sərəncamı nə qədər vaxtında verilmiş qərardır. Artıq 4-cü ildir ki, biz məzunlarımızı böyük turizm ailəsinə qəbul edərək, onların biliyi, dünyagörüşü, vətənpərvərliyi ilə fəxr edirik. Biz bu gün Azərbaycan turizm sənayesinin inkişafı haqqında danışarkən, bəlkə də ən böyük və ən dəyərli nəticə ondan ibarətdir ki, turizm sənayesində çalışan insanların peşəkarlıq səviyyəsinin artırılmasında institut olaraq öz sözümüzü demişik. Bu gün çoxlu sayda biliyi, savadı olan abituriyentlər ali təhsil üçün məhz ATİ-ni seçir. Onlar təhsil aldıqları müddətdə öz bilik və bacarıqlarını daha da artırır, Azərbaycanın bacarıqlı mütəxəssislərinə çevrilirlər. Qeyri-enerji sektorunun çox vacib bir istiqaməti olan turizm sənayesi Azərbaycanda böyük sürətlə inkişaf edir və edəcək. Bu ali təhsil müəssisəsinin məzunlarının diplomları artıq dünyada tanınır və onlar müxtəlif ölkələrdə işə qəbul olunurlar. Mən onlarla ölkəmizdə fəaliyyət göstərən ən məşhur hotellərdə qarşılaşıram və bu məni çox sevindirir».
   Nazir ATİ-nin müəllim və tələbələrinin ictimai fəallığını xüsusilə qeyd edərək, onların köməyi və dəstəyi, peşəkarlığı ilə böyük beynəlxalq tədbirləri həyata keçirdiklərini bildirdi: “Bu gün Azərbaycan iqtisadiyyatının bütün istiqamətləri intibah dövrünü yaşayır. Azərbaycan 10 il əvvəlki ölkədən xeyli fərqlənir. Bu proses davam edəcək. Çünki bu inkişafı ən birinci ölkə rəhbərliyi dəstəkləyir. Xüsusilə turizm sənayesinin inkişafı onun diqqət mərkəzindədir. Ona görə də biz cənab Prezidentin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq”.
   Avstriyanın IMC Krems Universitetinin rektoru xanım Eva Verner təhsilini uğurla başa vuran məzunları təbrik etdi, onlara ən xoş arzularını bildirdi. ATİ-nin məzunlarının Azərbaycanın turizm sənayesinin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini vurğuladı.
   Çıxış edən məzunlar da təhsil aldıqları dövrdə onlara yaradılan şəraitə görə ATİ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, doğma institutun şərəfini daim uca tutacaqlarına, müəllimlərinin və valideynlərinin etimadını doğruldacaqlarına söz verdilər.
   Sonra 2012-2013-cü tədris ilinin bakalavr və magistr məzunlarına ATİ-nin və Avstriyanın IMC Krems Universitetinin diplomları təqdim olundu. Bu tədris ilinin məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər, 2012/2013-cü tədris ili üzrə institutun birincisinə ATİ-nin «Tələbə fəxri kitabı» verildi.
   Həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkil etdiyi bilik olimpiadasında, Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və AzTV-nin birgə layihəsi olan «Mən azərbaycanlıyam» bilik müsabiqəsində uğur qazanan ATİ tələbələrinə mükafatlar verildi.
   “Məzun günü” maraqlı konsert proqramı ilə başa çatdı.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar