Semih Kaplanoğlu: “Ssenarinin iki mühüm tərəfi var: dialoq və görüntü. Tanış olduğum ssenari layihələrində görüntüdən çox dialoq var”
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) ssenari laboratoriyası nəzdində ssenarinin inkişaf proqramı yaradılıb. Dekabrın 11-də Nizami Kino Mərkəzində sözügedən proqram çərçivəsində film layihələri müsabiqəsinin inkişafına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri keçirildi. Dinləmələr tanınmış türkiyəli kinorejissor və ssenarist, Berlin Film Festivalının qalibi Semih Kaplanoğlu tərəfindən aparılır.
“Ssenaridə duyğularımız əks olunmasa, o, dərin təsir göstərə bilməz” deyən sənətkarla Nizami Kino Mərkəzində görüşüb həmsöhbət olduq.
– Semih bəy, Azərbaycan kinosu haqqında nə dərəcədə məlumatlısınız?
– Etiraf edim ki, sovet dönəmi Azərbaycan kinosu haqqında çox bilgim yoxdur. Hərçənd o filmlərə də baxmaqda fayda var. Yeni Azərbaycan kinosundan rejissorlar Elçin Musaoğlu, Asif Rüstəmov və İlqar Nəcəfi tanıyıram, filmlərini izləmişəm. Beynəlxalq festivallarda onlarla birgə münsiflər heyətində təmsil olunmuşuq.
– Bu tanışlıq sizdə Azərbaycan kinosunun gələcəyi ilə bağlı hansı təsəvvürü yaradır?
– Azərbaycan uzun illər SSRİ-nin tərkibində olub. Hazırda müstəqil dövlət olaraq öz mədəniyyətini, milli dəyərlərini və tarixini kinoda əks etdirir. İzlədiyim filmlərdə də bunu gördüm. Əlbəttə, bəzi çatışmayan nüanslar var. Ancaq ssenaridə, duyğunu ifadə etmədə, öz dili və mədəniyyətində təbliğ olunmada, məncə, qısa zamanda Azərbaycan kinosu da həqiqi yerini tapacaq.
– Bu ilin oktyabr ayında Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirildi və siz də ölkəmizə gəlmişdiniz. Bilirdinizmi ki, türk respublikaları içərisində Dədə Qorqud mövzusuna kinoda ilk müraciət edən Azərbaycan olub və 1975-ci ildə yazıçı Anarın ssenarisi əsasında film çəkilib?
– Bu film haqqında, az da olsa, məlumatım var idi. Siz məndə filmə maraq yaratdınız...
– Azərbaycan kinosunun beynəlxalq aləmə çıxışında problemlər olduğunu dediniz. Bu gün dünya kinosunun tələbi nədir? Sənayenin və tamaşaçının tələbləri fərqlidirmi?
– İldən-ilə dünya kinosunda fərqli istiqamətlərdə inkişaf gedir. Biz öz milli dəyərlərimizi sənət anlamında filmlərin içinə yerləşdirsək, bunlar qalıcı əsərlər olacaq. Necə ki, siz indi “Dədə Qorqud” filmi haqqında məlumat verdiniz. Əgər film bu gün də baxılırsa, demək, mayak kimi bir yön göstərir. Məncə, qlobal dünyanın nə istəməsindən daha çox, əslində, biz özümüz nə deyəcəyik, nə istəyirik – bu haqda düşünməliyik. Əgər biz səmimi şəkildə özümüzü anladarıqsa, bəşəri ola bilərik. Çünki bizim bütün insanlığa sayğı göstərən, dəyər verən bir dinimiz və mədəniyyətimiz var. Bu mənada bizim ədəbiyyatımız da tutarlı mənbədir: Bakuvi, Yasəvi, Nizami, Füzuli, Yunus Əmrə, Mövlanə və s. Bu zəngin irsimizdən yararlanıb öz kino mədəniyyətimizi ortaya qoyarsaq, beynəlxalq aləmdə Türk dünyasına yeni bir baxış gətirər. Birinci Bişkek film festivalında münsif olarkən Qırğızıstan, Özbəkistan və Qazaxıstandan çox yaxşı örnəklər gördüm. Daşkənd film festivalında da çox maraqlı filmlər izlədim. Rusiyanın Altay bölgəsindən gələn filmlər də çox diqqətçəkən idi. Türk xalqları olaraq ortaq dəyərlərimizi kino vasitəsilə dünyaya çatdırmalıyıq. İnsanlıq bu gün həm maddi, həm də mənəvi olaraq çox böyük bir böhran yaşayır: savaşlar, işğallar. Bizim mədəniyyətimiz bütün bu böhrana qarşı bir söz söyləmək iqtidarındadır. Əbəs yerə deyilmir ki, siyasətin edə bilmədiyini mədəniyyət edər. Bu mənada, gənclərimizi beynəlmiləl, amma özümüz olaraq yetişdirməliyik.
– Kinoda beynəlxalq tələbdən danışdıq. Amma bu gün yerli tamaşaçı da film istəyir. Azərbaycanda isə festival filmi çəkmək son illərdə dəbə minib. Festival filmi ilə yerli tamaşaçı tələbi uzlaşmır. Bu problemi necə həll etmək olar?
– Əslində, festival filmi deyilən bir anlayış yoxdur. Festival filmi çəkirəm deyərək bu məntiqlə hərəkət edərsəniz, o, festivalda da uğur qazana bilməz. Demək, siz filmi hər hansı festivalın meyarları çərçivəsində yaratmısınız. Məsələn, bir kommersiya filmi çəkmisiniz ki, daha çox tamaşaçı gəlsin. Amma kimsə gəlib baxmır, baxanlar da bəyənmir. Bütün filmlərin uğurunun arxasında səmimiyyət dayanmalıdır. Siz səmimi şəkildə öz düşüncənizi, nə demək istədiyinizi lentə aldığınız zaman qəbul olunacaqsınız. Gənclərə hər zaman söyləyirəm ki, özünüz olun, başqaları nə deyəcək, kiməsə nəyi bəyəndirmək və özündənrazılıq hisslərini bir kənara qoyun.
– Bir müsahibənizdə deyirsiniz ki, film çəkmək insanın özünü tanıması yollarından biridir. Bu yolda insan rejissor, ssenarist olaraq hansı incəliklərə varır, nələrdən keçir?
– İnsanın özünü tanıması çox çətin bir işdir. Məncə, sənətlə məşğul olmaq həm də özünü tanıma vasitəsidir. Bunu gənc yaşda dərk etmək bir qədər çətindir. Amma geriyə dönüb öz yaşadığın anlara baxanda görə bilərsən. Çəkdiyiniz filmlər, yazdığınız əsərlər əgər izləyən, oxuyan insanı mənəvi baxımdan yüksəltmirsə, bir işə yaramaz. Bayaqkı sualınıza qayıdaraq demək istərdim ki, kommersiya filmləri insanın nəfsinə xitab edir, yəni ruhuna, mənəvi gözəlliyə xidmət etmir. Bizim mədəniyyətimiz gözəlliyə meyillidir. Məsələn, miniatürlərə baxaq. Hər zaman bir incəlik, gözəllik görürük. Bu da nəfsə deyil, ruha xitab edir. Mən bu mədəniyyətin içində yetişmişəm. Ailəm bu tərbiyədə idi və mənim bu torpağa, bu zəngin mədəniyyəti meydana gətirən tarixə bir borcum var. Əgər sənətim varsa, bir şəkildə bu borcumu ödəməliyəm...
– İnsanları kino vasitəsilə idraka çağırmaq asandırmı?
– Kino məhsulunun zamana ehtiyacı var. Məsələn, bir dua kimi. Film çəkərkən insanlara meditasiya kimi bir incəlik hiss etdirməyə çalışıram. İstəyirəm ki, insanlar sadəcə göstərdiyimlə deyil, onun alt qatındakı anlayışlarla da təmasda olub hiss etsinlər. Çünki biz kameranı bir yerə tuşladığımızda həqiqətin bir parçasını göstərə bilirik. Hər tərəfini göstərə bilmirik. Burada əxlaqi bir incəlik var. Nümayiş etdirdiyiniz məqamlar göstərmək istəmədiyiniz məqamlara da işarə etməlidir. Bu, çox önəmlidir. Bu həm də düşüncəyə, idraka çağırış yanaşmasıdır. Düşünürəm ki, sənət əsasən bu işə yaramalıdır.
– Gələk inkişaf proqramına təqdim olunmuş ssenari layihələrinə. Onları necə qiymətləndirirsiniz?
– Hələ bu işə yeni başlamışıq. Doğrudur, hamısı üçün demək olmaz, amma ssenarilər xarakterlər, qəhrəmanların daxili dünyalarını nəzərə alınmadan yazılır. Şablonlardan istifadə edirlər. Məsələn, bir azərbaycanlı qəhrəmanla Amerika filmindəki qəhrəman hansı dərəcədə yaxın ola bilər? Məncə, bu seriallardan, rəqəmsal platformalardakı layihələrdən təsirlənmə ilə bağlıdır. Demirəm ki, təsirlənməsinlər, amma bir müddət sonra bu təsirdən çıxmaq lazımdır. Bunun üçün də yaratdığı xarakteri hərtərəfli görmək lazımdır. İşin çatışmayan tərəfi budur. Sanki yaratdıqları xarakteri yaxşı tanımırlar. Bir də bir əsas məsələ var ki, ədəbiyyatla məşğul olan hər adam ssenari yaza bilməz. Bu başqa bir işdir. Hətta dramaturq da film ssenarisi yaza bilməz. Çünki ssenarinin iki mühüm tərəfi var: dialoq və görüntü. Ssenarilərlə tanış olarkən görürəm ki, görüntüdən çox dialoq var. Hər şeyi dialoqla həll edirlər. Yəni bu artıq vərdiş halını alıb. Bu təkcə sizdə belə deyil. Türkiyədə də bəzən rast gəlinir. Düşünürəm ki, bu seriallardan qaynaqlanan bir haldır. Serialı uzatmaq üçün dialoqlardan gen-bol istifadə edirlər. Bunu filmə tətbiq edəndə görüntünün anlada biləcəyi bir çox məqamlar diqqətdən kənarda qalır. Bir də qurğu məsələsi önəmlidir. Müşahidə edirəm ki, ssenari necə başlayırsa, sona kimi düz xətt üzrə gedir. Halbuki bunu sonundan da başlamaq olardı. Hətta deyim ki, bəzi ssenariləri üç səhifə oxuduqdan sonra finalı bilirik. Yazıçı olaraq qələmə aldıqları yaxşı olsa da, ssenariyə gəldikdə məsələ başqa cür olur. Bəzi texniki bilgilərə də ehtiyac duyulur.
– İnanırıq ki, siz bu bilgilərin öyrədilməsində yardımçı olacaqsınız.
– Mən də müəyyən müddətə qədər bacardığımı bölüşməyə gəlmişəm.
– Əvvəllər dilə gətirdiyiniz “Türk seriallarına dünyada nə qədər çox maraq varsa, bədii filmlərə bir o qədər azdır” qənaətinizə bir qədər aydınlıq gətirə bilərsiniz?
– Biz rejissorlar, sənət adamları reallıqlarla çalışırıq. Seriallarımız real həyatı anlatmır. Türkiyədə seriallardakı həyat yaşanmır. Türkiyədə seriallarda nümayiş olunan evlər, gündəlik yaşam tərzi, münasibətlər, demək olar ki, yoxdur. Gerçək deyil bunlar. Bu seriallarda bir xəyal dünyası var və o xəyal milli dəyərə, milli anlayışlara söykənmir. Yəni bütün dünyada yaşana biləcək hadisələrdir. Amma həm də həqiqəti söyləməli, əxlaqi-etik anlamda da baxış bucağımızı göstərməliyik. Məsələn, mən seriallardakı əxlaqi məsələləri dəstəkləmirəm. Zatən elə yaşayan insanlar bəlkə də var, amma gerçəklik o deyil. Bu səbəbdən serialın dünyada baxışı çoxdur. Filmlər bunu edə bilməz. Seriallarda dialoq çox olur. Film isə konkret olmalıdır. Könül istər ki, filmlərimiz də seriallarımız kimi dünyada məşhur olsun, satılsın. Amma bizim bəzi filmlər də satılır. Mənim bəzi filmlərim dünyanın 40 ölkəsində kinoteatrlarda və televiziyalarda nümayiş olunub. Nuri Bilge Ceylan və başqa rejissorlarımızın filmləri də həmçinin. İnanıram ki, getdikcə bu say artacaq. Azərbaycandan da rejissorlar çıxacaq ki, onların filmləri dünyada qəbul ediləcək.
– Gözəl arzudur...
– Niyə də olmasın. Biz birlikdə gözəl işlər ortaya qoya bilərik.
– Ortaq layihələrdən çox danışılsa da, nədənsə hələ də ortada bir nəticə yoxdur.
– Mən bu yaxınlarda film üzərində işləməyə başlayacağam. Bu filmə bir azərbaycanlı aktyoru dəvət etməyi düşünürəm.
– Sirr deyilsə, kimliyini bilmək olarmı?
– Qurban Məsimov. Onun filmimdə olmasını istərdim. Əgər qəbul edərsə, nə gözəl. Bununla bərabər, başqa layihələr də həyata keçirmək olar. Hazırda mənim ağlımda çox sadə bir ideya dolanır. İnşallah, Zəngəzur yolu bərqərar ediləcək. Bu mövzuda ortaq bir film, yaxud serial ərsəyə gətirmək mümkündür. Xalqlarımızın birliyini kino dili ilə həm dünyaya, həm də bir-birimizə daha yaxından tanıtmalıyıq.
– Semih bəy, Azərbaycanın güclü teatr və kino aktyoru məktəbi olub. Amma bu gün bəzən tamaşaçılara elə gəlir ki, bizim aktyorlar seriallarda öz gerçək potensiallarını nümayiş etdirmirlər. Türkiyə aktyorlarının daha ürəkdən oynadıqları düşünülür.
– Əsas səbəb kimi bizim aktyorların daha çox oynamasını qeyd edə bilərəm. Onlar daim səhnədə və kino meydançasındadırlar. Yəni intensiv şəkildə işləyirlər. Bu da, təbii ki, zamanla peşəkar mimika və jestləri, bütünlükdə obrazı yaratmaq imkanını inkişaf etdirir. Bəlkə sizdə aktyorlar bu qədər fürsət əldə etmədikləri üçün belə olur. Mənə deyilənə görə, sizdə teatr gərgin bir iş qrafikli sahədir. Teatr aktyoru ilə serial aktyoru arasında da fərqlər var. Bir məsələ də budur ki, bəlkə onlar heç ssenariyə inanmırlar... Rejissor da aktyoru yaxşı motivasiya etməyi bacarmalıdır. Bəlkə də nəyi oynadıqlarını tam anlamırlar. Amma deyim ki, mənim izlədiyim filmlərdə aktyor oyunu çox yaxşıdır. Məsələn, “Nar bağı” filmindəki obrazlar. Yaxşı bir deyim var: aktyoru rejissor yetişdirir. Bu fikirlə tam razıyam. Aktyorlar çox həssas olurlar. Filmdə səslənən sözlərin, fikirlərin mənasını aktyor üçün rejissor açır...
– Karyeranıza reklam yazarı olaraq başlamısınız. Necə oldu kinoya gəldiniz?
– 8-9 yaşlarımdan film çəkmək arzusunda idim. Bunun üçün kino təhsili aldım. Hətta universitetdə iqtisadiyyat bölümünü qazansam da, oxumadım. Çünki kino arzusunda idim. İstanbula getdim. 1984–85-ci illərdə Türkiyədə ildə 2-3 bədii film və 3-5 serial ancaq çəkilirdi. İqtisadiyyatımız yaxşı deyildi. Oxumalı və arzuma çatmaq üçün iş tapmalı idim. Buna görə də nə etdimsə, film çəkəcəyəm deyə etdim. Reklam işi ilə məşğul olsam da, hər gün buradan kinoya necə gedə bilərəm sualı qarşısında idim. Kinoya gəldiyim yolda çalışdığım hər işdən bir incəlik öyrəndim. Hətta fotoqrafçılıq elədim, operator assistenti oldum. Sonra özüm serial çəkdim və burada rejissorluğun təcrübəsini keçdim. Buna görə də hər zaman gənclərə deyirəm ki, səbirli olmaq lazımdır. İnstitutu bitirəndə 21 yaşım vardı. 37 yaşımda ilk filmimi çəkdim. Belə deyim, 16 il mübarizə apardım və məğlub olmadım...
– Bəs “Qızıl ayı”nı əlinizə alanda nə düşündünüz?
– Bir cümlə ilə deyəcəyəm: 8-9 yaşlarımdan kino ilə bağlı arzum, bu uzun yol bir saniyədə film kadrı kimi gözlərimin önündən keçdi.
– Uğura gedən yol...
– Bəli, bu yolda həm bir çox şeylərdən vaz keçdim, həm də uzun bir yol gəldim. Dəfələrlə yazdım, yaxşı alınmır deyə düşündüm. Sonra bir həqiqəti anladım ki, film hazırlayıramsa, prodüseri də özüm olmalıyam. Nə qədər yaxşı yazsan, kimsə gətirib sənə pul verib “əla yazmısan, al bu filmi çək” deməyəcək. Həm də bunu öyrəndim.
– Rəhbərlik etdiyiniz “Kaplanfilm” şirkətinin İstanbulda yerləşdiyi küçə Sürəyya Ağaoğlunun adını daşıyır. Onun Azərbaycanla bağlılığını bilirsiniz yəqin. Atası şuşalı Əhməd Ağaoğlu Türk dünyasının sayılıb-seçilən şəxsiyyətlərindəndir. Bu mövzuda hər hansı bir film layihəsi düşünürsünüzmü?
– Hər gün bu küçədən keçirəm, ağlıma heç gəlməyib. Mütləq bu barədə düşünmək lazımdır. Ancaq deyim ki, hazırda işlədiyim layihə Azərbaycanla əlaqəlidir. Tanınmış Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvi haqqında film üzərində çalışıram.
– Sonda ənənəvi sual: kino sizin üçün nədir?
– Özümün olduğu yer.
– Müsahibəyə görə təşəkkür edirik. Sizə yeni yaradıcılıq uğurları arzulayırıq.
– Mən də göstərdiyiniz diqqətə görə qəzetinizə minnətdaram.
Lalə Azəri