“Teatr muzeyi elə bir mədəniyyət saxlancıdır ki, hər bir eksponatın ayrıca hekayəsi var”
Teatr canlı sənət olduğu üçün onun muzeyə, saxlanca daha çox ehtiyacı var ki, yaddaşlarda qalan təəssürat, xatirələr ekspozisiya şəklində yaşayıb əbədiyyət qazansın.
Tarix
Azərbaycan Dövlət Teatr Muzeyi bu il 90 illik tarixini geridə qoydu. Əslində, bu mədəniyyət ocağının, teatr sənətimizlə bağlı zəngin ekspozisiya və arxiv məkanının yaşı daha böyük rəqəmlə əlamətdar ola bilərdi.
Bu günlərdə muzeydə keçirilən yubiley tədbirində nümayiş olunan qısa sənədli filmdən və muzeyin direktoru Sevinc Mikayılova ilə söhbətimizdən bəlli olur ki, 1926-cı ildə Bakı Teatr Texnikumunun müəllimi Ağakərim Şərifov texnikumun ilk məzunları ilə Moskvada olarkən Teatr muzeyinə də baş çəkirlər. Ağakərim Şərifov muzeyin yaradıcısı Aleksandr Baxruşinlə görüşür, ondan muzey işini sistemləşdirməyi öyrənir. Bakıya qayıdan kimi Xalq Maarif Komissarlığına Bakıda da belə bir muzeyin yaradılması ilə bağlı müraciət edir. 1927-ci ildə görkəmli teatr aktyoru və rejissoru Sidqi Ruhullaya aid arxiv materialları toplanaraq bir sərgi açılır. Bu, yaradılacaq muzeyin ilk ekspozisiyası olur. Tağıyev teatrının (onun yerində indiki Akademik Musiqili Teatrı inşa olunub – red.) foyesində muzeyin açılış mərasimi olur. Xalq Maarif Komissarlığı vətəndaşlara müraciət edir ki, teatra aid materialları varsa, gətirib muzeyə versinlər. Amma 1928-ci ildə muzey bağlanır.
1934-cü ildə yenidən yaradılır və Ağakərim Şərifov direktor təyin edilir. Elə həmin ilin son günü Cəfər Cabbarlı vaxtsız vəfat edir və teatr sənətimizdəki xidmətləri nəzərə alınaraq 1935-ci ildə muzeyə böyük dramaturqun adı verilir.
1937–1938-ci illərin acı yelləri teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin də üstündən əsib. Bir sıra teatr xadimləri repressiyaya məruz qalıblar. Onların arasında muzeyin direktoru Ağakərim Şərifovun qohumları da vardı. Bir qədər sonra Ağakərim Şərifov işdən azad edilir. Həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlədir, müsadirə olunmaqdan qoruyur və beləliklə həmin sənədlər bu günümüzə gəlib çatır.
1991-ci ildən Muzey Mərkəzinin binasında yerləşən Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin fondunda 140 mindən çox arxiv materialı var. Bu eksponatlar 1873-cü ildə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə milli peşəkar teatrımızın əsasının qoyulmasından başlayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün teatrların salnaməsini və fəaliyyətini əks etdirir. Bura tarixi-faktiki sənədlər, proqram və afişalar, dekorasiya və geyim eskizləri, sənət xadimlərinin əlyazmaları, qeyd və rol dəftərləri, məktubları, memorial əşyaları, müxtəlif rollarda çıxış edərkən geyindikləri əlbisələr, tamaşaların maketləri, zəngin foto kolleksiyası və s. daxildir.
Muzeyin yeni dövrü
Sevinc Mikayılova muzeydə 1986-cı ildən, tələbəlik vaxtından çalışır. Deyir, Turan xanım Cavidin (1953-cü ildən Dövlət Teatr Muzeyində elmi işçi, 1968–1991-ci illərdə muzeyin direktoru olub – red.) rəhbərliyi altında gözlərimin qarşısında baş verən muzeyin bütün fəaliyyəti onu bu sənət saxlancı məkanına bağlayıb. Elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb, 2015-ci ildən muzeyin direktorudur.
– Burada çalışdığınız illərdə dövrün, zamanın dəyişməsi ilə yanaşı, həm muzey işində, həm də insanların, muzeyi ziyarət edənlərin teatr tarixinə münasibətində də dəyişiklıkləri də müşahidə etmisiniz...
– İndi dünya elə sürətlə dəyişir ki. Əvvəllər belə olmurdu, dəyişikliklər mərhələlərlə baş verirdi. Təbii ki, müəyyən müqayisələr aparmağa imkan yaranır. Muzey işində ən böyük dəyişikliklərdən biri interaktivliyin artmasıdır. Bunu zaman tələb edirdi. Çünki müasir dövrün muzey ziyarətçisinin gözləntiləri əvvəlkilərdən çox fərqlənir. Müasir insanın uzun-uzadı ekskursiyanı dinləməyə marağı və səbri, demək olar ki, yoxdur. Buna görə eksponatları yığcamlaşdırıb interaktiv ekspozisiya qurmaq zərurəti yaranır. Teatr korifeylərimizlə ünsiyyətdə olmuş, ən azı onları həyatda görmüş insanların söhbətləri də bəzən gənclərə darıxdırıcı təsir bağışlayır. Belə söhbətləri videocarxlarla, sərgilərlə, ustad dərsləri, qiraət saatları tərzində qurulmuş təqdimatlarla əvəz etməli oluruq.
– Təhsil Nazirliyinin “Məktəbdə teatr” layihəsinə yəqin ki, öz töhfənizi verirsiniz?
– Bu layihə ilə bağlı bizə müraciət edən olmayıb. Amma ideyalarımız çoxdur və teatr tariximizi yeni üslubda təbliğ edən aksiyalar reallaşdıra bilərik. Bizim muzeyin spesifikası elədir ki, azyaşlı məktəblilərlə teatr tarixi mövzusunu açmaq, təqdim etmək fərqli vasitələrlə mümkündür. Məsələn, teatr rəssamlığı ilə bağlı ustad dərslərində uşaqlara mütaliə etdikləri əsərlərin personajlarının rəsmini çəkməyi həvalə edirik. Və təbii ki, dərs proqramına uyğun olaraq məktəblilərin və tələbələrin muzeyi ziyarət etmələri və dərs prosesində tanış olduqları ədibin əsərinin teatr tarixçəsini öyrənmələri onların dünyagörüşünün zənginləşməsinə xidmət edir. Gənclərimizin özünüifadə, öz fikrini formalaşdırıb söyləmək bacarıqlarını inkişaf etdirməsinin də qeydinə qalaraq vaxtaşırı “dəyirmi masa”lar keçiririk. Bunlar çox həssas məsələlərdir. Ona görə də valideynlər son dərəcə diqqətli olmalıdırlar. Çünki normal ailədə boya-başa çatmış gənc pis vərdişə qurşanmaz, peşə seçimində səhvə yol verməz, nə də kimisə nahaqdan incitməz. Əlbəttə, bu kimi məsələləri muzeyin əhatə etməsi mümkün deyil. Amma həm də vətəndaş kimi hesab edirəm ki, səlahiyyətimiz və imkanlar çərçivəsində gənclərin düzgün şəxsiyyət olaraq formalaşmasına öz töhfəmizi əsirgəməməliyik.
– Teatr xadimlərinin arxiv materiallarının muzeyə təhvil verilməsi necədir? Ailələri buna maraq göstərirmi?
– Təəssüf ki, bizdə bu ənənə çox zəifdir. Ailə üzvləri görkəmli sənət xadimlərinin arxiv materiallarını evdə saxlamağa üstünlük verirlər.
– Sonra da gileylənirlər ki, mənim o boyda işlər görmüş qohumumu tanıyan yoxdur...
– Bəli, amma halbuki belə gileylərdən öncə arxiv materiallarını vaxtında muzeyə təhvil verə bilərdilər. Söhbət düşəndə deyirlər ki, yaşayış yerimizi dəyişəndə, ya da evi təmir edəndə itdi, evi su basanda məhv oldu. Belə söhbətləri eşidəndə çox məyus oluram. Çünki bir sənət adamının şəxsi arxivinin fotosundan, yaxud bircə məktubundan başqa neçə sənətkarın həyatı və yaradıcılığı ilə bağlı məlumatlar üzə çıxa bilər. Başqa xalqların görkəmli şəxsiyyətləri haqqında, məsələn, bir verilişə baxanda görürük ki, həmin insanın həyatının bütün dövrlərinə aid materiallar tamaşaçılara nümayiş etdirilir. Bizdə isə bəzilərinin doğum tarixi, tərcümeyi-halı ilə bağlı faktlarda belə boşluqlar var. Bəzi görkəmli teatr xadimlərimizin doğum tarixini dəqiqləşdirmək üçün çətinliklərdən keçməli oluruq və bəzən heç buna nail ola bilmirik. Çünki ailə üzvləri heç bir arxiv materialını gətirib muzeyə təhvil verməyiblər və sənədlər, fotolar, əlyazmalar müxtəlif şəraitlərdə ya itib, ya da yararsız hala düşüb. Halbuki söhbət yaxın keçmişdən gedir. Yaxud da bəziləri deyirlər ki, surətini çıxarıb götürün, əsli özümüzdə qalsın. Nəzərdən qaçırırlar ki, muzeydə əşyanın, sənədin məhz əsli nümayiş etdirilməlidir.
– Yəqin ki, görkəmli teatr xadimlərinin ailə üzvlərinə bununla bağlı müraciətlər edirsiniz?
– Əlbəttə, müraciətlər edirik. Təəssüf ki, eşidib düzgün qarşılayanlar azdır. Məsələn, ən son fond zənginləşməmizdən biri teatr rəssamı Tahir Tahirova aid oldu. Oğlu onun tamaşalara çəkdiyi eskizləri muzeyimizə təqdim etdi. Çox böyük həvəslə qəbul etdik. Teatrlarla sıx əlaqədəyik. Hər mövsümün sonunda il ərzində repertuarda olan tamaşalara aid fotoları, proqramları, afişaları muzeyimizə təhvil verirlər.
Teatr rəssamlarımızla bağlı bir məqamı qeyd etmək istəyirəm. Əlbəttə, hər şeyin elektronlaşması gündəlik həyatımızı asanlaşdırır. Amma həm də bizi kökümüzdən ayırır. Yəni elektronlaşmanın həm müsbət tərəfi var, həm də mənfi tərəfi. Konkret olaraq onu deyim ki, son dövrlərdə muzeyimizə orijinal tamaşa dekorasiya və geyim eskizi daxil olmur. Çünki rəssamların demək olar ki, hamısı kompüterdə işləyirlər. Ona görə də teatr rəssamlarının işlərindən ibarət sərgi təşkil edəndə yalnız əvvəlki dövrün rəssamlarının – Əzim Əzimzadə, Kazım Kazımzadə, Bədurə Əfqanlı, İsmayıl Axundov, İzzət Seyidova, Tahir Tahirov və digərlərinin fəaliyyətinə istinad edə bilirik. Hamısının da boyaları təptəzə qalıb. Teatr rəssamlarının müasir nəslinin bütün işləri printerdən çıxarılmış formatdadır. Sadəcə, kağızdır. Onlar muzey əhəmiyyətli əşya ola bilməz. Üstəlik, az vaxtdan sonra rəngləri solur. Biz o işləri eksponat kimi yox, bir tədqiqat mənbəyi kimi köməkçi fondumuza qəbul edirik.
– Müasir teatr rəssamları bu məqamı nəzərə almır? Axı onların yaradıcılığının teatr rəssamlığı səhifəsi gələcək nəsildə dolğun təsəvvür yaratmayacaq...
– Hamı rahatlığa qaçır. Tamamilə düz deyirsiniz – o rəssamlar teatr rəssamlığından əlavə boyakarlıqla da məşğul olurlarsa, təbii ki, orda klassik üslubda işləyirlər. Amma yaradıcılıqlarının teatr rəssamlığı səhifəsinin ötəri olması nədənsə onları narahat etmir. Eyni fikri əlyazmalara aid də deyə bilərəm: indi əl yazısından kim istifadə edir? Hamı kompüterdə, smartfonda yazır, hətta sözdən çox smaylikdən istifadə edir. Yəni sənət xadimindən bir əl yazısı belə yadigar qalmır. Sanki hər şey ötəri xarakter qazanır.
– Başqa ölkələrin teatr muzeyləri ilə əməkdaşlıq necə qurulub?
– Ən sıx əməkdaşlığımız Moskvadakı Baxruşin adına Teatr Muzeyi ilədir. Çünki bizim muzey məhz o muzeydən bəhrələnərək qurulub. Ukraynanın Xarkov şəhərindəki muzeylə də əlaqələrimiz sıxdır. Xarkovlu teatr rəssamı Tixomirov vaxtilə bir müddət bizdə də teatr rəssamı kimi fəaliyyət göstərib. Xarkov Teatr muzeyi bizdən onun yaradıcılığının Bakı dövrünə aid materialların surətini istəmişdi, biz də hazırlayıb göndərdik. Uzaq xaricdən maraqlananlar olur. Məsələn, Şərq dramaturgiyası və teatrı ilə bağlı tədqiqat işi yazanlar muzeyimizə müraciət edirlər. Ümumiyyətlə, dünyada teatr muzeyləri azdır. Bizim muzey Cənubi Qafqazda və Yaxın Şərqdə ilk və yeganədir. Bir çox ölkələrdə teatr muzeyləri deyil, teatrlarda görkəmli sənətkarların guşələri var.
– Deməli, əcnəbilərdən də teatr tariximizlə maraq göstərən olur?
– Əlbəttə. Azərbaycan teatrının çox maraqlı tarixi var. Azərbaycan milli peşəkar teatrı milli dramaturgiyanın üzərində qurulub. Dünya teatr tarixində bu kifayət qədər nadir haldır. Və ilk teatr tamaşalarımız haqqında istər yerli, istərsə də əcnəbi ziyarətçiyə məlumat verəndə mütləq onu da qeyd etməliyik ki, Azərbaycan teatrının təşəkkül tapmasında əvəzsiz xidmətləri olan Ülvi Rəcəbin, Abbas Mirzə Şərifzadənin, Hüseyn Ərəblinskinin və digərlərinin teatr təhsili olmasa da, ürəklərində sönməz maarifçilik və sənət yanğısı olub. Çünki şəxsiyyət olublar. Və yaxud Hökümə Qurbanovanı, məsələn, “Qış nağılı”nda Hermiona rolunda görənlərin xatirələrinə əsasən aktrisanın səhnədə uzun müddət kirpiyini belə titrətmədən dayandığını danışmaqla ziyarətçiyə Şekspir personajlarının Azərbaycan səhnəsində təcəssümü ilə unikal bilgi qazandırmış oluruq. Bütün bunlara Londonda Şekspir muzeyində Ülvi Rəcəbin Hamlet obrazındakı fotoportretinin saxlanılması faktını da əlavə edəndə təsəvvürün necə zənginləşdiyini vurğulamaq artıqdır.
Teatr muzeyi elə bir mədəniyyət saxlancıdır ki, burda hər bir eksponatın ayrıca hekayəsi var, ziyarətçiyə danışmaq lazımdır ki, bu və ya digər foto, məktub, afişa, proqram məhz hansı özəlliyinə görə bu muzeydədir. Bunu şifahi şəkildə danışmaq mütləqdir. Bu olmadan, sadəcə hər eksponatın üzərindəki bir-iki kəlməlik məlumat lövhəsi ilə ziyarətçidə heç bir dolğun məlumat, canlı təsəvvür yaranmayacaq. Bizim muzeyin üzərinə belə bir missiya düşüb və bunu layiqincə yerinə yetirməyə çalışırıq.
Sözardı
Teatr muzeyində dəfələrlə olmuşam. Bu dəfə də yeni təmir edilmiş zalları ziyarət etdim. Hər dəfə də eksponatları nəzərdən keçirdikcə onların hər birinin sanki tarixdən süzülüb gələn sədasını eşidirəm. Bu təəssüratın daim yenilənməsi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin növbəti yubileylərini görmək arzusu ilə
Samirə Behbudqızı