Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi və “Şəhid ailələri müdafiə cəmiyyəti” Suraxanı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Emin Xeyrulla oğlu Cəfərovun (1973-1993) anım gününə həsr edilmiş “Şəhid anılar, Vətən tanınar” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Emin Cəfərovun həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər əbədiyyət ünvanı olan şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarından, ölkəmizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimizin müqəddəs amal uğrunda fədakarlıqlarından bəhs ediblər.
Bədii hissədə şəhidin məzun olduğu 114 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib və beynəlxalq müsabiqələr laureatı, bədii qiraət və muğam müsabiqəsinin qalibi Mehdi Mayısoğlunun ifasında mahnılar ifa olunub.