Akademik Feyzulla Qasımzadənin 125 illiyinə həsr olunmuş tədbir

 

AMEA, Azərbaycan Yazıçılar Birliyi (AYB) və AYB Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin (1898–1976) anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – alim və müəllim” mövzulu  tədbirdə çıxış edən AYB Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyev görkəmli alimin mənalı ömür yolundan danışıb.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev akademik Feyzulla Qasımzadənin zəngin milli elmi kadrların hazırlanması sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib.

Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, F.Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O,  ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, ədəbiyyatşünas və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq idi.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.

Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, filologiya elmləri doktorları Təyyar Salamoğlu, Yeganə İsmayılova və başqaları Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki xidmətlərindən danışıblar.

Sonda mərhum alimin qızı Nigar Qasımzadə və nəvəsi biologiya elmləri doktoru Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.