20-21 dekabr tarixlərində AMEA-da akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə gerçəkləşən konfransda Azərbaycan, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan alim və mütəxəssislər iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq elmi konfransın Azərbaycan Prezidentinin bu ilin sentyabrında imzaladığı “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri görkəmli alimin həyat və fəaliyyətindən söz açıb, onun fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq və tarix elmlərinin inkişafına mühüm töhfələr verdiyini söyləyib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundan akademik Vitali Naumkinin videoçıxışı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Ziya Bünyadovun postsovet məkanında və onun hüdudlarından kənarda tanınan görkəmli ərəbşünas olduğunu deyən V.Naumkin onun Qafqazın, Yaxın Şərqin, Ərəb dünyasının Orta əsrlər tarixini araşdıran böyük alim kimi xidmətlərini qeyd edib.
Konfransda “Elmimizin Ziya Bünyadov zirvəsi”, “Ziya Bünyadov – görkəmli mənbəşünas alim kimi”, “Mərkəzi Asiyanın mədəniyyət tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, “Ziya Bünyadov və Avropa fondlarındakı Xarəzm əlyazmaları” və digər mövzularda məruzələr dinlənilib.