Qarabağın tacı – mədəniyyət paytaxtımız Şuşada bərpa və quruculuq işləri davam edir.  Üç il əvvəl əbədi azadlığına qovuşan qala-şəhər yeni növrağını yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində bərpa-quruculuq işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə şəhərdəki 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin tikinti meydanında olub.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlətimizin başçısı hazır mənzillərə baxıb. Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

***

Prezident İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

Görülən işlər barədə məlumat verilib. Bildirilib ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılıb.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər ağa məscidi, “Qarabağ” hoteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır.

***

Dövlətimizin başçısına Şuşadakı Aşağı Gövhər ağa məscidində bərpa işləri barədə də məlumat verilib.

Prezidentin köməkçisi Anar Ələkbərov bildirib ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri Aşağı Gövhər ağa məscidində aparılır. Məscid XIX əsrdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan məscid işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrinin bərpa və tikinti işlərini həyata keçirir. Bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən yeni Şuşa məscidinin tikintisi davam edir.

***

Prezident İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

Daşaltı kənd məscidinin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.