Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

İdmançılarla ənənəvi görüşün bu il Xankəndidə keçirildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bunun çox böyük mənası var: “Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.

Prezident vurğulayıb ki, bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq.