Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidən qurulacaq kitabxanaların fonduna öz töhfəsini verəcək.
Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyinin TÜRKSOY-daki nümayəndəsi Elçin Qafarlı “Mədəniyyət” qəzetinə açıqlamasında bildirib.
Ankarada, TÜRKSOY-un qərargahında Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdən sonra bu barədə danışan Elçin Qafarlı diqqətə çatdırıb ki, təşkilat tərəfindən ötən illər ərzində çox sayda Türk dünyası ədiblərinin kitabları nəşr olunub. Həmin kitabların bir qismi Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.
“Azərbaycan Milli Kitabxanası ilə çox sıx əməkdaşlıq edirik. Bu illər ərzində Azərbaycan Milli Kitabxanasında, eləcə də TÜRKSOY-un Ankaradakı ofisində bir çox kitabların təqdimat mərasimlərini keçirmişik. Bundan başqa, Azərbaycan Mədəniyyət Nazirliyinin hər il Bakıda keçirdiyi beynəlxalq kitab sərgilərinə də TÜRKSOY olaraq qatılırıq", – deyə o vurğulayıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin və Milli Kitabxanasının təşəbbüsü ilə Qarabağda qurulacaq kitabxanalar üçün kitab fondunun toplanmasının təqdirəlayiq olduğunu deyən Elçin Qafarlı qeyd edib ki, TÜRKSOY da bu kampaniyaya töhfə vermək istəyir. Bu məqsədlə Türk dünyası ilə bağlı kitabları həmin fonda təqdim etdik.
Təşkilatın bu istiqamətdə nəşr layihələrinin davam edəcəyini bildirən Elçin Qafarlı Türkiyənin “İstiqlal Marşı”nın müəllifi Mehmet Akif Ersoyun 150 illiyi ilə əlaqədar şairin seçmə şeirlərinin ilk dəfə Azərbaycan türkcəsində nəşr edildiyini və həmin kitabın bu yaxınlarda Bakıda təqdimatının keçirildiyini xatırladıb.
Mehparə Sultanova
Ankara