Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri başa çatıb.
Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu isə Tuncay Hüseynova aiddir.
Premyerası 2024-cü il yanvar ayının 13-ü və 14-nə nəzərdə tutulan səhnə əsərində Günel Məmmədova, Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və İlhan Sadıqov iştirak edirlər.
Tamaşada Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıq xanımın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dostluğuna zərər vurur...
Müəllif nağılda baş verən hadisələr fonunda uşaqlara özündənrazılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.