Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Hadrut, sən azadsan!” sənədli filmi çəkilib. Dekabrın 22-də Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.
Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə “Hadrut, sən azadsan!” filmi nümayiş olunub. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.
Nümayişdən sonra çıxış edən Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev bildirib ki, bu, 44 günlük Vətən müharibəsi ilə bağlı ərsəyə gətirdikləri ikinci filmdir. 2021-ci ildə çəkilən “Şuşa, sən azadsan!” sənədli filminə təkcə yutub kanalında 900 mindən çox baxış olub: “Bundan sonra da əlimizdən gələni edəcəyik ki, bu mövzuda yeni ekran əsərlərinə imza ataq. Filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığımı bildirirəm. Bu yolda həmişə bizə dəstək olan Arzu xanım Əliyevaya xüsusi təşəkkür edirəm”.
Filmin ssenari müəllifi Rasim İsmayılov və quruluşçu rejissoru Cavidan Şərifov ekran əsəri haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, filmdə 2020-ci ilin Vətən müharibəsinin parlaq səhifələrindən biri – Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Filmdə əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallar canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə iştirak etmiş döyüşçülər filmdə yer alıb. Real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.
Nurəddin