Təhsil ocağının dördüncü buraxılışında 161 tələbə məzun adını qazanıb
İyulun 10-da Azərbaycan Turizm İnstitutunda dördüncü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçiriləcək.
“Məzun günü”ndə təhsil ocağının bakalavr və magistr pilləsini bitirən gənclərə diplomlar təqdim ediləcək. Beynəlxalq proqram üzrə təhsil alan tələbələrə isə eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu veriləcək.
Mərasimdə Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin məsul şəxsləri, elm xadimləri, ATİ-nin əməkdaşlıq etdiyi xarici təhsil müəssisələrinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Turizm İnstitutunda yekun dövlət imtahanı və buraxılış işlərinin müdafiəsi uğurla başa çatıb. Bu il 9 ixtisas üzrə 161 tələbə məzun adını qazanıb. Məzunlara bakalavr və magistr dərəcələri verilib. 2012-2013-cü tədris ilinin məzunlarından bir nəfər - Nərgiz Ələkbərli Azərbaycan Turizm İnstitutunun tarixində magistr pilləsini ilk dəfə fərqlənmə diplomu ilə bitirib.