Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Xalq çalğı alətləri ifaçılığında əhəmiyyətli şəxsiyyətlərindən olan, bəstəkar, Üzeyir Hacıbəyli yaradıcılığının davamçısı, Qara Qarayevin layiqli tələbəsi, tar və kamança alətləri üçün ilk iri həcmli əsərlərin- konsertlərin müəllifi, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 105 illiyi qeyd olunub.
Mərkəzi İncəsənət Məktəbindən bildirilib ki, məktəbin nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nabat Əsgərova tədbiri giriş sözü ilə açaraq tamaşaçılara bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, həmçinin bəstəkar haqqında əldə etdiyi şəxsi məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə məktəbin müəllim və şagirdlərindən ibarət ansambllar çıxış edib, solo ifalar və bəstəkarın bir çox iri və xırda əsərləri səsləndirilib.
Həmçinin müəllimlərdən ibarət Xalq çalğı alətləri ansamblı ilə uşaqlardan ibarət ansamblın ifasında ilk dəfə olaraq bəstəkarın mahnısı, yeni işləməsi ifa olunub.
Görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev, kamança ifaçısı, professor, Xalq artisti Fəxrəddin Dadaşov, Xalq artisti Zabit Nəbizadə, Əməkdar İncəsənət xadimi, Xalq artisti Hacı Xanməmmədovun tələbəsi Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə Əliyeva bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Sonda məktəbin direktoru, Əməkdar artisti, dosent Əziz Qarayusifli iştirakçılara öz dərin minnətdarlığını bildirib.