“Ata Travel” MMC-nin Macarıstana təşkil etdiyi infotur uğurla başa çatıb. İyunun 29-dan iyulun 6-dək davam edən tanıtım səfərində Azərbaycanın KİV təmsilçiləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak ediblər.
   Macarıstanın turizm sənayesi ilə tanışlıq məqsədi daşıyan infotur bu ölkənin aparıcı turoperatoru olan “1000 yol” və «Wizz Air» aviaşirkətinin dəvəti ilə həyata keçirilib. Macarıstanın turizm sektoru yüksək inkişaf etmiş infrastruktura malikdir, keyfiyyətli xidmət, dağ landşaftı ilə gözoxşayan təbiəti bütün dünyadan turistləri cəlb edir.
   İnfotur gedişində iştirakçılar ölkənin müxtəlif regionlarında tarixi abidələrlə, milli adətlər, mətbəx, musiqi və xalq yaradıcılığı ilə tanış olub, Balaton gölünü seyr edib, termal müalicəvi yerlərə baş çəkiblər.
   Budapeşt şəhərinə ekskursiya proqramına Qəhrəmanlar meydanı, Vaydaxunyad qəsri, Budapeştin “Yelisey düzəngahı” - Andraşşa prospekti, Parlament, Balıqçı Bastionu və Kral sarayı, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə ilə açılan Gellert dağına qalxmaq daxil idi. Bununla yanaşı, Azərbaycan jurnalistləri Dunay döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxeydə olublar. Tur iştirakçıları həmçinin Harkan balneoterapevtik kurortu, müalicəvi imkanları ilə hələ Roma imperiyası dövründən məşhur olan Heviz termal gölü ilə tanış olub, Şümeq qalasında cəngavər yarışını izləyiblər.
   Azərbaycanlı media təmsilçiləri “Macarıstan-Turizm” QSC-nin nümayəndəsi Kristina Boço, Heviz şəhərinin meri Qabor Papp, hotel biznesi rəhbərləri, termal müalicəxanaların tibbi personalı ilə görüşlər keçirib, bu görüşlərdə ətraflı informasiya və onları maraqlandıran suallara cavab alıblar.
   İnfotur iştirakçıları ölkəmizin Macarıstandakı səfirliyində də olublar. Burada aparılan fikir mübadiləsi zamanı son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.
   “Ata Travel”in baş direktoru Vüsal Əliyev qeyd edib ki, şirkət Macarıstanın “1000 yol” tur-operatorunun tərəfdaşıdır, həmçinin Budapeşt-Bakı-Budapeşt aviareyslərini uğurla həyata keçirən «Wizz Air» aviaşirkəti ilə sıx əməkdaşlıq edir: “Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanıb. Macar turistlərinin də ölkəmizə marağı artır. Ölkəmizə səfərləri asanlaşdırmaq üçün "Ata Travel" elektron viza proseduruna qatılıb. Ümumiyyətlə, Azərbaycan-Macarıstan əlaqələri bütün sahələrdə inkişaf edir".
   “AtaHolding” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova bildirib ki, bu ilin sentyabr ayında artıq macar turoperatorları üçün Azərbaycana cavab səfəri təşkil ediləcək.
   “AtaHolding” şirkətlər qrupuna daxil olan “Ata Travel” MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. “Ata Travel” dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə hotellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

    Fəxriyyə