Azərbaycan həqiqətlərini uzun illərdir dünyada tanıdan “İRS” jurnalının İngilis dilində cari ilin son nömrəsi işıq üzü görüb. Jurnal ənənəvi olaraq baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır.
Jurnalın ilk məqaləsi 100 illik yubileyini etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzə həsr olunub. Məqalədə dünyanın tanınmış arxitektura inciləri sırasına daxil olmuş Heydər Əliyev Mərkəzinin layihələndirilməsi, onun tikintisi və çoxfunksiyalı fəaliyyəti haqqında geniş bilgi verilir, maraqlı illüstrasiyalarla oxucular tanış edilir . Növbəti məqalə Qərbi Azərbaycandan, xüsusən İrəvandan köklü sakinlərin-azərbaycanlıların deportasiyası, erməni dövləti və millətçilərinin 300 mindən çox soydaşımızın başına açdıqları zülmlər, vəhşiliklər haqqında foto-faktlar və sübutlarla xarici oxuculara geniş məlumat təqdim edilir.
İngiltərədən olan jurnalist İan Peartin məqaləsi Şuşaya həsr olunub. Məqalədə Azərbaycanın mədəniyyət paytaxtının müşahidələrlə bir növ portreti çəkilib və ermənilərin buradakı vəhşiliyi ürək ağrısı ilə qeyd olunub. Şuşada keçirilmiş Media Forumun iştirakçısı olmuş müəllif tədbirin yüksək səviyyədə təşkilindən də söhbət açır. Şuşada yerləşən Mehmandarovların ev-muzeyi haqqında məqalə da “İRS-Heritage” jurnalının bu nömrəsində dərc edilib. Məqalədə bərbad günə salınmış bu abidənin Heydər Əliyev Fondu tərəfindən bərpası və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qarabağda yerləşən Alban abidələri, qədim məbədlər haqqında elmi məqalə da maraqla qarşılanacaqdır. Mənbələrə əsaslanan yazıda saxta adlarla erməniləşdirilmiş bu məbədlərin işğal dövründə yadellilər tərəfindən mənimsənilməsi, abidələrin arxitektura üslubunun, üzərindəki yazıların dəyişdirilməsi qeyd olunmaqla bu cür əməllərin Qafqaz Albaniyasına xarakterik olan tikililərin tarixdən silinməsi üçün davamlı siyasətin bir hissəsi kimi də göstərilmişdir.
“İRS-Heritage” jurnalının bu nömrəsində orta əsrlər sənətkarlığının incilərindən olan miniatürlər haqqında məqalə, Azərbaycanın möhtəşəm təbiət abidələri - Göygöl, Maralgöl, Kəpəz dağı haqqında fotoreportaj oxucular tərəfindən maraqla qarşılanacaqdır.
Onu da qeyd edək ki, “İRS”in ingilis nəşri dünyanın 50-dən çox ölkəsində yayımlanır.