Rusiyalı qonaqlar paytaxtımıza səfərdən məmnun qalıblar
   
   Bu günlərdə Rusiya Federasiyasının «UPJet Travel Group» və onun Azərbaycandakı tərəfdaşı olan «Fun Travel» turizm şirkətlərinin təşkilatçılığı ilə Bakıya infotur təşkil edilib.
   Səfər korporativ tədbirlərin təşkili məqsədilə həyata keçirilib. İnfoturda iştirak edən şirkətlər əsasən MİCE (işgüzar) turizm sahəsində fəaliyyət göstərirlər. Heyətə «UPJet» şirkətinin korporativ müştəriləri, o cümlədən farmakoloji, nəqliyyat fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri daxildir.
   1994-cü ildə yaradılan «UPJet Travel Group» şirkətinin hazırda Moskva, Sankt-Peterburq, Kiyev, Kişineu, İstanbul və Antalyada nümayəndəlikləri fəaliyyət göstərir. Ümumilikdə isə şirkət dünyanın 50-dən çox ölkəsində tədbirlər təşkil edir. Bu barədə məlumat verən şirkətin satış şöbəsinin müdiri Tatyana Konakova bildirdi ki, ötən ildən başlayaraq Bakı şəhərinə diqqət göstərməyə başlayıblar və burada işgüzar tədbirlərin təşkili üçün lazım olan imkanları araşdırıblar: «2012-ci ildə Bakıya kiçik bir yoxlama aparmaq üçün bir neçə qrup göndərdik. Etiraf edim ki, nəticə bizi çox razı saldı. Bu dəfə Azərbaycandakı tərəfdaşımız «Fun Travel» şirkətinin təklifləri əsasında bizim korporativ müştərilərimizdən ibarət bir qrup üçün Bakıya dördgünlük infotur təşkil etmişik. Nümayəndələri infoturda iştirak edən kompaniyalar artıq neçə illərdir Ukrayna, Belarus və Qazaxıstanda böyük tədbirlər təşkil edirlər. Açığı, indiyə qədər belə bir fikir var ki, Bakı MİCE tədbirlərin keçirilməsi üçün Rusiya şirkətinin tələblərinə cavab verməyə hələ hazır deyil. Bu səfəri təşkil etməkdə məqsədimiz belə fikirlərin yanlış olduğunu sübut etmək, Bakıda son illər yaradılan imkanları öz tərəfdaşlarımıza göstərməkdir».
   İnfotur iştirakçıları arasında «EventPlatform» şirkətinin nümayəndəsi də vardı. Şirkətin təmsilçisi Oleq Kryuçkovun sözlərinə görə, «EventPlatform» geniş korporativ tədbirlərin təşkilində müasir informasiya texnologiyalarından istifadə üzrə ixtisaslaşıb: «Biz interaktiv ekskursiyalar təşkil edirik. Bu zaman qrupların müasir mobil vasitələrdən istifadəsini təşkil edirik. Bundan əlavə, müxtəlif bayram şənlikləri, konfrans və konqreslər təşkil keçiririk. Şirkətimizin bir fəaliyyət istiqaməti də xidməti personalın təcrübəsinin artırılması məqsədilə müxtəlif kurslar təşkil etməkdir».
   Şirkət təmsilçisi bildirdi ki, infotur iştirakçıları üçün İçərişəhərə qeyri-adi bir ekskursiya təşkil ediblər: «Ekskursiya iştirakçıları əllərində i-Pad vasitəsilə qədim şəhərin küçələrində gəzərək şəhər sakinləri ilə görüşməli, onlara suallar verməli idilər. Tur boyu iştirakçıları bizim virtual talismanımız müşayiət edirdi. Bunların hamısı videolentə çəkilirdi. Bu videorolik axşam yeməyi zamanı nümayiş olundu. Əvvəllər biz belə turları dünyanın 20-dən artıq ölkəsində həyata keçirmişik. İçərişəhər turu da çox maraqlı alındı. İştirakçılar qədim şəhər barədə, Azərbaycan paytaxtının tarixi və mədəniyyəti haqqında ətraflı məlumat əldə edə bildilər».
   «Fun Travel» turizm şirkətinin təmsilçisi Fuad Rəsulov qeyd etdi ki, infoturun təşkilində onlara «JW Marriott Absheron», «Fairmont Baku» və «Jumeirah Bilgah Beach» hotelləri yaxından kömək edib. Nəticə olaraq infotur iştirakçıları Bakının MİCE turizmi üçün əlverişli şəraitə, müxtəlif tədbirlərin təşkili üçün imkanlara malik olması qənaətinə gəliblər: «Həmkarlarımız bildirdilər ki, Bakı MİCE turizmi üçün yeni bir istiqamətdir. Bir məqamı da nəzərinizə çatdırım ki, infoturu Azərbaycan Konqres Bürosunun yaradılmasına bir töhfə kimi də qiymətləndirmək olar. Çünki bu qurumun təsisçilərindən biri də bizim şirkətdir».
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar