Almaniyadakı səfirliyimiz Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edib. Tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmalarının üzvləri, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təbrik nitqində bildirib ki, 2023-cü il Azərbaycan xalqının tarixinin ən şanlı illərindən olub. Məhz bu il Azərbaycan öz ərazisində mövcud olan, xalqımıza saysız faciələr yaşadan 35 illik silahlı separatizmə son qoyaraq, suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Səfir vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası Ulu öndər Heydər Əliyevin ən ümdə arzusu olub və bu arzu onun 100 illiyinin qeyd olunduğu ildə reallaşıb.
Tədbirdə Almaniyadakı Azərbaycan diasporunun tanınmış simaları, bu il müvafiq olaraq 85 və 80 illik yubileyləri qeyd olunan rəssam İbrahim Əhrari və animasiya rejissoru Məsud Pənahi səfirlik tərəfindən təbrik şəhadətnamələri ilə təltif edilib.
Bayram tədbirində Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə proqramla çıxış edib.