Bu il M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 100 yaşını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən 24 iyun tarixində baş kitabxanamızın yubileyi ilə bağlı sərəncam imzalandı. Ölkəmizdə və xaricdə yubiley tədbirləri təşkil olundu. Müsahibimiz Milli Kitabxananın direktoru professor Kərim Tahirovdur.
– Kərim müəllim, yubiley ili necə keçdi?
– Kitabxanamızın 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm. Sərəncama müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı təsdiq olundu. Yubileylə bağlı konfrans və sərgilər keçirildi. Yubiley tədbirləri Türkiyədə və TÜRKSOY təşkilatında da gerçəkləşdi.
Milli Kitabxana 1923-cü ildə indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında 4 otaqlı mənzildə fəaliyyətə başlayıb. İlk vaxtlarda fondda İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsi və Bakı İctimai Cəmiyyəti kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab vardı. Bu gün – bir əsrdən sonra kitab fondumuz 5 milyon nüsxəyə yaxındır. Real oxucularımızın sayı 240 min, virtual oxucuların sayı isə 7 milyondan çoxdur. Paytaxtımızın ən gözəl məkanlarından birində Milli Kitabxananın binası özünəməxsus memarlığı ilə göz oxşayır. Bu bina bir kitab məbədi kimi qəbul olunur. Kollektivimiz öz fəaliyyətini bu məbədin adına, missiyasına müvafiq qurmağa çalışır. İnanıram ki, oxucularımız bizdən razıdır. Əsas məqsədimiz xalqa xidmət etmək və onun mənəvi yaddaşını gələcək nəsillərə çatdırmaqdır. Təsadüfi deyil ki, bu ilin sentyabrında 100 illiklə əlaqədar təşkil etdiyimiz elmi konfransı da “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” adlandırmışdıq. Əsas vəzifəmiz həm də milli-mənəvi dəyərlərimizi toplamaqdır. Bu gün informasiya texnologiyalarının imkan verdiyi dərəcədə bütün dünyada oxucu şəbəkəmizi qurmağa çalışırıq. Virtual oxucularımızın sayının 7 milyondan artıq olduğunu dedim. Burada xaricdən olan oxucularımızı da nəzərdə tuturuq.
– “Milli-mənəvi dəyərlərin vətənə qayıdışı” layihəsi ilə bağlı nə kimi işlər görülüb?
– Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən “Milli-mənəvi dəyərlərin vətənə qayıdışı” layihəsinə başlamışıq. Məlum olduğu kimi, tarixin müxtəlif mərhələlərində xalqımızın mədəni-mənəvi dəyər kəsb edən sərvətləri xaricə daşınıb. Bu gün onlar dünya kitabxanalarında və muzeylərində qorunub saxlanılır. Onların əslini əldə etmək ciddi problem yaratsa da, elektron surətlərinin alınmasını həyata keçirə bilirik. Layihə çərçivəsində 4 il ərzində dünya kitabxana və muzeylərindən 300-dən artıq əlyazmanın elektron surətlərini fondumuza daxil etmişik. Bu nümunələr alim və tədqiqatçılarımızın ixtiyarına verilib. Onu da qeyd edim ki, gətirilən əlyazmalar içərisində indiyə kimi Azərbaycan elminə kifayət qədər məlum olmayan nüsxələr də var. Bunlar Nizami, Nəsimi, Xətai, Tusi və digər şair və mütəfəkkirlərimizin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarıdır. Əlyazmalar Türkiyə, Almaniya, Böyük Britaniya, Çexiya, Albaniya, Avstriya, Macarıstan və digər ölkələrin milli kitabxanalarından əldə edilib. Hazırda dünyanın 80-ə yaxın milli və universitet kitabxanası ilə kitab mübadiləsi həyata keçiririk. Hər il 10-12 beynəlxalq kitab sərgisində Azərbaycan ekspozisiyası təşkil edərək sərgi bitdikdən sonra ölkəmizin təbliği üçün bu kitabları həmin ölkələrə hədiyyə edirik.
– Hazırda Milli Kitabxanada rəqəmsallaşdırma işi hansı səviyyədədir?
– Ümumiyyətlə, milli kitabxanalar üzrə rəqəmsallaşdırma, fondun elektron versiyasının yaradılması faiz etibarilə həmişə aşağı vəziyyətdə olur. Nəyə görə? Çünki milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur. Orada elə kitablar olur ki, bəlkə də 10 il ərzində bir dəfə də oxunmur. Buna baxmayaraq fondda qalmalıdır. Axı kütləvi kitabxana deyilik ki, 5 ildən bir fondu dəyişək. Milli Kitabxana olaraq bu işi həyata keçirməkdə bizə mane olan müəllif hüquqları məsələsi var. Müəllif hüquqlarından kənar kitabları biz asanlıqla elektronlaşdırmışıq. Hazırda fondumuzdakı nəşrlərin 30%-dən çoxu elektronlaşdırılıb. Əlbəttə, ali məktəb, elmi kitabxanalar üzrə, ola bilsin ki, bu rəqəm aşağı faiz hesab edilər. Ancaq bu, dünya üzrə milli kitabxanalar üçün çox yaxşı göstəricidir. Bu istiqamətdə işlərimizi davam etdiririk. Pandemiya dövründə oxucuların tələbi üzrə 83 min elektron resurs ərsəyə gətirilib. Açıq deyim ki, bunu məcburi etdik. Çünki oxucu fonda müraciət edirsə, biz onu təmin etməliyik. Pandemiya dövründə biz müəllif hüquqlarına da, belə demək mümkünsə, müəllif amnistiyası tətbiq etdik. İnanıram ki, müəlliflər də bizi anlayışla qəbul etdilər. Başqa çıxış yolu yox idi...
– Bir neçə il əvvəl ALİSA sistemi var idi. Bu sistem özünü doğrultdumu?
– Bu artıq faktdır ki, ALİSA özünü doğrulda bilmədi. Bu gün dünya təcrübəsində çox geniş istifadə olunan KOHA Avtomatlaşdırılmış Kitabxana Sistemi var. Biz artıq bir ildir bu sistemdən istifadə edirik. Artıq Milli Kitabxananın elektron bazası həmin sistemə inteqrasiya olunub. Regionda yerləşən kitabxanaların kod və şifrələri daxil edilib. Gələn ilin yanvarından bütün regionlarda da bu sistemin tətbiqinə başlayacağıq. Mədəniyyət Nazirliyinin əmri ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) yeni Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (AİS) keçir. Bu prosesin həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutulur: elektron kataloqun yaradılması; elektron kitabxananın yaradılması; audiokitab bazasının yaradılması. AİS-in yaradılmasında Türkiyə təcrübəsindən yararlanmışıq. Bu o deməkdir ki, əgər bizim kitabxanada hər hansı kitab varsa, demək bütün regionda var. Onlar özlərinə məxsus şifrəni daxil etməklə kitabları sistemə sala biləcəklər. İllər lazım olmayacaq. ALİSA da kitabları yenidən təsvir edib, şifrələrini yazmaq lazım idi. KOHA-nın üstünlüklərindən biri də onun mobil tətbiqinin olmasıdır.
– Kitabxananın beynəlxalq əməkdaşlığı ilə bağlı vəziyyət necədir?
– Kitabxanaların arasında elektron çatdırılma sistemi və UNESCO xətti ilə ənənəvi beynəlxalq kitab mübadiləsi var. 46 ölkənin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışıq. Sənədlərə əsasən biz onlara, onlar da bizə resurslar yollayırlar. Bu mübadilə prosesi kitabların elektron çatdırılması şəbəkəsi vasitəsilə reallaşır. Hətta oxucularımız bəzən bizə hər hansı kitabla bağlı müraciət edəndə həmin kitabı xarici ölkədən elektron şəkildə alırıq. Həmin kitab eyni zamanda kitabxanamızın bazasına daxil edilir.
– Dövri mətbuatla bağlı iş necə qurulub? Mətbuat orqanlarının elektron formata köçürülməsi sahəsində iş aparılırmı?
– Bu, çox mühüm məsələdir. Etiraf etməliyik ki, tariximiz əsasən mətbuatda yaşayır. Hər hansı ölkənin həyatında nə baş verirsə, ilk növbədə dövri mətbuatda dərc olunaraq yayılır. Hadisə və faktlar kitaba çevrilincə uzun zaman keçir. Bəzən bir sıra mühüm hadisələr kitaba düşə bilmir. Bu səbəbdən də biz dövri mətbuatı – “Əkinçi”dən üzü bəri bütün qəzet və jurnallarımızı elektronlaşdırırıq. Bu məqsədlə Almaniya istehsalı olan skaner almışıq. Bu aparat qəzetləri tam şəkildə köçürə bilir. Bu gün qarşımızda duran ən vacib vəzifələrdən biri də budur. 1990-cı ilin əvvəllərindən işıq üzü görən bütün qəzetləri PDF formatına çeviririk.
– Bəzən çap mətbuatının ömrünü başa vurması ilə bağlı fikirlər səsləndirilir. Sizcə, elektronlaşdırma prosesi ənənəvi qəzeti məğlub edə bilərmi?
– Qətiyyən, ola bilməz! Bilirsiniz niyə? Sadə bir misal. Bu il biz 100 illiyimizi qeyd edirik. Haradan bilirik bu rəqəmi. Əlbəttə ki, qəzetdən. Kitabxananın yaranma tarixi ilə bağlı müxtəlif versiyalar səslənirdi. Demək, qərar verilib 1922-ci ildə. Kitabxana 1923-cü ildə fəaliyyətə başlayıb. Biz bu faktı “Bakinskiy raboçi” qəzetindən əldə etdik. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, kitabxananın tarixini araşdıran zaman həmin faktı əldə etdim. Demək istəyirəm ki, dövri mətbuat tarixdə çox böyük rol oynayır. Elektron variantlar, saytlar hər hansı bir səbəbdən sıradan çıxa bilər. Bütün dünyada bu gün kitabxanalar öz elektron bazalarının sürətini başqa yerdə yazılı da saxlayırlar. Yəni, elektronlaşdırma ilə yanaşı, qəzet və arxiv daimi saxlancdır. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Milli Kitabxananın fondu qapalı strajlarda saxlanılır. Yəni hər hansı bir fövqəladə hal, yanğın-filan olsa da, arxivimizə zərər toxunmaz. Amma kompüterin yaddaşına nəsə olsa, bütün informasiya itə bilir. Texnoloji yeniliklər bu gün üçün çox aktual olan zaman və məkan problemini aradan qaldırsa da, arxivin qorunmasında, gələcək nəsillərə çatdırılmasında kağız çapını heç nə əvəz edə bilməz. Yeri gəlmişkən onu da deyim ki, respublika mətbuatının arxivi ən etibarlı şəkildə bizdə qorunur.
– Çap məhsullarının məcburi nüsxələrinin Milli Kitabxanaya verilməsi ilə bağlı problem aradan qalxıbmı?
– Çox təəssüf ki, nəşrlərin məcburi nüsxəsinin Milli Kitabxanaya verilməsi ilə bağlı problemlər hələ də var. Bu gün kimsə kitabxanamıza müraciət edib 1988-ci ilədək nəşr olunan hər hansı kitabı xəbər alsa mən dərhal həmin kitabın bizdə olduğunu deyirəm. Əgər kitab həmin ildən sonra çap olunubsa, deyirəm yoxlayıb məlumat verərik. 1988-dən əvvəl ölkədə nəşr olunan bütün kitabların nüsxəsi bizdə var. O tarixdən etibarən məcburi nüsxələr sistemi dağıldı və bəzi naşirlər, müəlliflər, nəşriyyatlar bundan sui-istifadə edərək kitabları təqdim etmirlər. Halbuki cənab Prezident tərəfindən bununla əlaqədar son illərdə 5 sənəd imzalanıb. Bu, dövlətin kitabxana sahəsinə göstərdiyi diqqətdir. Amma müəlliflər və naşirlər bunu başa düşmək istəmirlər. Kitablarını çap etdirib aparıb ali məktəblərdə tələbələrə satan müəlliflər ondan 3 nüsxəni gələcəyə qalmaq üçün Milli Kitabxanaya təqdim etmirlər. Bu barədə dəfələrlə çağırış etsək də, hələlik bir nəticə əldə edə bilmirik.
– Bəzən ölkəmizdə mütaliə səviyyəsi ilə bağlı təzadlı fikirlər səsləndirilir. Sizcə, bu sahədə vəziyyət necədir?
– Bu fikir nəyə əsasən deyilir onu bilmirəm. Azərbaycanda nə qədər kitab çap olunduğunu dəqiq bilmədən hansı əsasla bu qənaətə gəlirlər. Oxu səviyyəsini bilmək üçün əhalinin kitab oxumağa qadir olan hissəsini nəşr olunan kitab sayına bölüb hər nəfərə düşən kitabı tapmalısan. Əgər müvafiq qeydiyyat yoxdursa, bu fikirlər əsassızdır. Bizdə bu sahədə statistika aparılmır. Bu gün dünyada iki əsas amil insanları kitabxanaya gəlməyə sövq edir. Birincisi, yaradılan şərait, ikincisi, yeni informasiya mənbələri. Milli Kitabxanaya baxın, bəzən insanlar pilləkənlərdə belə oturub kitab oxuyurlar. Demək, oxuyan var, onlara şərait və yeni informasiyalar verməliyik. Ömrünün 40 ilini kitaba həsr edən insan kimi deyirəm, gənclərimizə şərait yaratmalıyıq ki, onlar oxusunlar. Bu gün Milli Kitabxana olaraq oxucu sayımızdan narazı deyilik və bu bizi çox sevindirir. Sonuncu – IX Bakı Beynəlxalq Kitab Sərgisi də göstərdi ki, kitaba qayıdış var...
– Kitabxanaya oxucuların cəlb olunması ilə bağlı hansı yeni təşəbbüslər var?
– Biz yeni layihələrimizlə oxucuları cəlb edirik. Tədqiqatçılar görəndə ki, biz gedib dünya kitabxanalarından onlara lazım olan kitabları, əlyazmaları tapıb gətiririksə, demək onlar Milli Kitabxanaya axın edəcəklər. İnformasiya resursunu toplayıb təbliğ etmək, onu maraqlı tərəfə çatdırmaq oxucunu cəlb etməkdə ən başlıca yoldur. Yeni nəşr olunan kitablarla bağlı bülletenlər hazırlayıb kitabxananın saytında yerləşdiririk. Oxucu məlumatlanaraq axın edir.
– Bəs bu sahədə statistikanı necə aparmaq olar?
– Ölkə başçısının müvafiq sərəncamı ilə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına uyğun olaraq, Mədəniyyət Nazirliyi ilə birlikdə yeni metodika hazırlamışıq. İki ildir kitabxanaların statistikası hazırlanır. Pandemiya səbəbindən işlər yarımçıq qalmışdı. Bu gün yenə də ən böyük problem nəşr olunan kitabların statistikasının aparılmamasıdır. Əsas problem həm də kitabın beynəlxalq standart nömrəsi – ISBN məsələsidir. Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. İnanıram ki, bu iş ya Mədəniyyət Nazirliyinə, ya da Milli Kitabxanaya həvalə olunacaq.
– “Qarabağa kitabla gedək!” layihəsi üzrə nə qədər kitab toplanıb və onlar sahə üzrə çeşidlənirmi?
– 30 illik işğal dönəmində ermənilər tərəfindən ümumilikdə 975 kitabxanamızda 4 milyon 600 min nüsxə fond məhv edilib. 2021-ci ildən Mədəniyyət Nazirliyi ilə birgə bu layihəyə başladıq. İndiyədək aksiya çərçivəsində 130 mindən artıq kitab toplanıb. Yaxın günlərdə Laçında yaradılan kiçik kitabxanaya yeni fonddan kitablar göndərəcəyik. Kitablar aidiyyəti üzrə çeşidlənir və bu da işğaldan azad edilmiş ərazilərdə yeni qurulan kitabxanalara hansı kitabların verilməsini asanlaşdıracaq.
– Maraqlı müsahibəyə görə sağ olun.
Lalə Azəri