Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın şəhərində “Böyük Qayıdış: Heydər Əliyev dühası” adlı tədbir keçirilib.

Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə “Laçın” kinoteatrının foyesində Ulu öndərin məcburi köçkünlərlə görüşlərindən, onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş işlərdən bəhs edən fotosərgiyə baxış keçirilib.

Rəsmi hissədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, “Bakı Abadlıq Xidməti”nin direktor müavini Nəsimi Əsədov çıxış ediblər.

Ulu öndər Heydər Əliyevin məcburi köçkünlərlə görüşləri, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin əksini tapdığı “Böyük Qayıdış: Heydər Əliyev dühası” filmi nümayiş olunub.

Laçın şəhərinə, doğma yurda qayıdan keçmiş məcburi köçkünlər ürək sözlərini bölüşüblər. Daha sonra Laçın şəhərinə qayıtmış 30 ailəyə evlərin açarları təqdim edilib.

Bədii hissədə iştirakçılara muğam ifaçıları Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva və Səbuhi İbayevin iştirakı ilə konsert proqramı təqdim olunub.

***

Dekabrın 28-də Laçına daha 25 ailə (80 nəfər) köçürülüb. Bakı şəhərindən 13, Bərdə rayonundan 5, Sumqayıtdan 5, Abşeron rayonundan 2 ailə Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib.