Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

2000-ci il 2 fevral

 

Prezident Heydər Əliyev Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Azərbaycan Gəncləri Gününə həsr edilmiş bayram gecəsində iştirak edib.

 

2000-ci il 4 fevral

 

Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 55 illik yubileyi münasibətilə təbrik edib.

Xalq artisti, xanəndə Əlibaba Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Sənətkarı 70 illik yubileyi münasibətilə təbrik edib.

 

2000-ci il 9 mart

 

Xalq artisti, müsəlman Şərqinin ilk peşəkar balerinası Qəmər Almaszadəyə 85 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə xanəndə Canəli Əkbərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq artistini 60 illik yubileyi münasibətilə təbrik edib.

 

2000-ci il 11 mart

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasını keçirib.

 

2000-ci il 21 mart

 

Bakıda Novruz bayramı şənliklərində iştirak edib.

 

2000-ci il 23 mart

 

Gürcüstana rəsmi səfəri gedişində Tbilisidə SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli ilə görüşüb. Z.Sereteli Azərbaycan Prezidentinə Rusiya Rəssamlıq Akademiyasının “Ləyaqət” qızıl medalını təqdim edib.

 

2000-ci il 27 mart

 

Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Zəroş Həmzəyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq artistini 75 illik yubileyi münasibətilə təbrik edib.

 

2000-ci il 8 aprel

 

“Gülüstan” Sarayında Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşündə nitq söyləyib. Sitat: “Sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir...”.

 

2000-ci il 9 aprel

 

Respublika Sarayında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş mərasimdə nitq söyləyib. Mərasimdə türkdilli ölkələrin başçıları, yüksək nümayəndə heyətləri iştirak ediblər.

“...Bu yubiley bizim üçün, bütün Türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır.

Son üç il ərzində Azərbaycanda “Kitabi-Dədə Qorqud” irsinin öyrənilməsi, tədqiq edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar “Kitabi-Dədə Qorqud”u bizim xalqımıza, türkdilli xalqlara tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir...

Biz öz tarixi köklərimizi, milli-mədəni irsimizi bir daha dərk etməyə başladıq. Artıq biz dərk edirik ki, Azərbaycan xalqı, bütün türkdilli xalqlar dünya sivilizasiyasına nə qədər böyük töhfələr vermişlər. Bunların içərisində “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. “Kitabi-Dədə Qorqud” bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi ulu əcdadımız vardır. “Kitabi-Dədə Qorqud” xalqları, millətləri daim birliyə, sülhə dəvət edibdir. 1992-ci ildə Türkdilli Dövlətlər Birliyinin yaranması Dədə Qorqud vəsiyyətlərinin yerinə yetirilməsinin parlaq nümunəsidir.

“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini təntənəli bayram edərək, onun bu vəsiyyətlərinə sədaqətimizi bildiririk və bəyan edirik ki, Azərbaycan xalqı müstəqillik yollarında qarşıda duran bütün ağır və çətin məsələlərin həll edilməsində daha da bir, daha da əlbir olacaqdır və daim irəliyə doğru gedəcəkdir...

“Kitabi-Dədə Qorqud” yubileyinin ən böyük mənası, əhəmiyyəti ondan ibarətdir ki, bu, bizim milli azadlığımızı bir daha nümayiş etdirir. “Kitabi-Dədə Qorqud” vəsiyyətləri bizə deyir ki, müstəqillik yolu ilə getmək, Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir...”.

***

Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə Bakı Türk şəhidliyinin və xatirə abidəsinin açılış mərasimində iştirak edib.

“...Son iki gündə Azərbaycanda tarixi hadisələr baş verir. Türkdilli dövlətlər birliyinin VI zirvə görüşü Bakıda keçirildi... Bu gün “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyini bir yerdə təntənəli bayram kimi qeyd etdik.

Bu da təsadüfi deyildir. Çünki biz – türk xalqları, türkdilli xalqlar bir kökə, bir dilə, eyni dinə, bir milli adət-ənənəyə mənsubuq. Bizim bu köklərimiz o qədər dərindir ki, 1300 il bundan öncə bizim bütün xalqlarımızın ulu babası olan “Dədə Qorqud”un dastanını indi yenidən oxuyuruq, yenidən dərk edirik... Dədə Qorqud da həmişə deyibdir ki, bir olun, əl-ələ verin. Nə qədər bir olsanız, əl-ələ versəniz, o qədər də uğurlu, o qədər də qalib olacaqsınız...

...Burada, azərbaycanlıların qədim torpağında yadellilər hökm sürmək istəyirdilər, Azərbaycanı, Bakını öz əllərinə keçirmək istəyirdilər. O vaxt döyüşlərdə bizə yardım etməyə gələn türk ordusunun qəhrəman oğulları olmuşdur... İndi biz 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin məzarları üzərində abidə ucaltmışıq. Burada həm türk  əsgərlərinin, həm də Azərbaycan qəhrəmanlarının məzarları bir yerdədir...”.

***

“Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə “Gülüstan” Sarayında rəsmi qəbulda nitq söyləyib.

Hazırladı: V.Orxan

(davamı var)