Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əməkdar memar Tofiq Abdullayevin (1936–2021) xatirəsi anılıb.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova memarın fəaliyyətindən, Azərbaycanın milli memarlıq sənətinə verdiyi töhfələrdən danışıb. Bildirib ki, uzun müddət universitetdə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru olmuş Tofiq Abdullayev Azərbaycanın memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib, yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib.

Rektor görkəmli memarın layihəsi əsasında AzMİU-da tədris-laboratoriyası, idman kompleksinin tikilməsi, eləcə də çalışdığı kafedranın memar alimləri ilə birgə Şəkinin Kiş, Qəbələnin Nic kəndində məbədlərin bərpası, Qaxda Qum məbədinin konservasiya işlərini xatırladıb.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri professor Elbay Qasımzadə mərhum memar haqqında fikirlərini bölüşüb. T.Abdullayevlə birgə çalışmış AzMİU-nun müəllimləri də ürək sözlərini, xatirələrini bölüşüblər.