“Forbes” jurnalında ölkəmiz haqqında məqalə dərc olunub
“Neft sənayesinin yarandığı məkan kimi tanınan Azərbaycan müstəqillik qazandıqdan sonra sürətlə inkişaf edib. Neft və qaz sənayesi inkişaf etdikcə bu sahədən əldə edilən gəlir ölkənin təhsil və biznes sahələrinin inkişafına yönəldilir”.
Bu fikirlər ABŞ-ın məşhur “Forbes” iqtisadi jurnalının növbəti nömrəsində dərc olunmuş məqalə-reportajda əksini tapıb.
Məqalənin müəllifi iş adamı, səhmlər üzrə nüfuzlu mütəxəssis və birja investisiyaları üzrə menecer, “Wall Street Journal”, “New York Post”, “Bloomberg”, “Reuters” üçün mütəmadi məqalələr yazan və “CNBC”, “CNN”, “Fox News Channel” kanallarına müsahibə və iqtisadi proqnozlar verən Hillari Kreymerdir.
Müəllif bildirir ki, bir vaxtlar Londonun rəmzi hesab olunan bənövşəyi taksilərə artıq Bakı küçələrində də tez-tez rast gəlmək mümkündür. Onun sözlərinə görə, bu, Azərbaycanın iqtisadi yüksəlişinin əsas göstəricilərindən biridir.
Hillari Kreymer məqalədə ölkəmizin qədim tarixindən də bəhs edir. Odlar Yurdu Azərbaycanın atəşpərəstlər üçün müqəddəs yer olduğunu diqqətə çatdırır. Məqalədə Azərbaycanın zəngin mətbəxi və qədim xalçaçılıq sənətindən söz açılır, ölkəmizin qədim musiqi janrı hesab edilən muğamın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi qeyd olunur.
Yazıda həmçinin Azərbaycan hökumətinin turizm sahəsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanaraq bildirilir ki, ölkə rəhbərliyi turizmi uzunmüddətli perspektivdə ciddi gəlir mənbəyi kimi görür və bu sahənin inkişafına nail olmağa çalışır.
Diqqətə çatdırılır ki, 2013-cü ilin əvvəlində Azərbaycanda “Şahdağ” Qış-Yay Turizm Kompleksi ilk turistləri qəbul etməyə başlayıb. İl ərzində fəaliyyət göstərən kompleks gələcəkdə eyni vaxtda 10 min turistə xidmət edə biləcək. Qafqazda ilk qolf sahəsi hazırda Azərbaycanda (Qəbələ rayonunda - red.) tikilir. Beynəlxalq standartlara cavab verəcək qolf sahəsində dünya miqyaslı turnirlərin keçirilməsi nəzərdə tutulur.
Sonda müəllif Azərbaycan hökumətinin təhsilin inkişafına da xüsusi diqqət yetirdiyini vurğulayaraq yazır: “Azərbaycan hökuməti idman ilə yanaşı, yeni təhsil müəssisələrinin yaradılmasına da sərmayələr yatırır. Ölkənin neft-qaz sənayesi inkişaf edir, Azərbaycan enerji sahəsindəki innovasiyalara sərmayə yatırır və texnoloji yeniliklər hesabına əldə edilən iqtisadi artım inkişafa və sabitliyə köklənməyə davam edir. Bütün bunlar ən qabaqcıl infrastrukturun inkişafına və mütəxəssislərin hazırlanması üçün universitetlərin yaradılmasına ehtiyac doğurur”.