34,173 milyard manat gəlir, 36,763 milyard manat xərc

 

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun (5 dekabr 2023-cü ildə Milli Məclisdə qəbul olunmuşdu) Prezident İlham Əliyev tərəfindən imzalanıb və 26 dekabrda rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib.

2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000 000  manat, xərcləri 36 763 000 000 manat məbləğində təsdiq edilib.

Dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər 6 421 047 420 manat, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclər 4 000 000 000 manat, sosial müdafiə və sosial təminat xərcləri 4 542 232 496, təhsil xərcləri 4 549 916 090, tikinti və şəhərsalma xərcləri 6 309 440 300 manat təşkil edir.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət üzrə xərclər 574 755 888, o cümlədən mədəniyyət və incəsənət sahəsində fəaliyyət üzrə 232 942 212, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün 181 136 714 manat nəzərdə tutulub.

Dövlət büdcəsinin gəlirlərinə gəlincə, onların əhəmiyyətli hissəsi yenə Dövlət Neft Fondundan transfert hesabına formalaşacaq. Fonddan 2024-cü ildə dövlət büdcəsinə transfertin yuxarı həddi 12 781 000 000 manat nəzərdə tutulub.

Bundan əlavə, 2024-cü ildə Dövlət Neft Fondundan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 47 460 000 manat ayrılacaq.