Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və "Fire Land Production"ın dəstəyi ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir təşkil olunub.

Turizm Mərkəzindən sosialyönümlü tədbirdə 50-dən çox şəhid ailəsinin üzvü iştirak edib.

Tədbir çərçivəsində şəhid ailələri üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, musiqili-əyləncəli proqramlar təşkil olunub.

Tədbirin keçirilməsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və maraqlı günlər bəxş etməkdir.

Qeyd edək ki, 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu tipli dörd tədbirin təşkil olunması nəzərdə tutulub.