Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2023-cü il üzrə ölkə mətbuatı, ictimaiyyəti arasında, Azərbaycan, habelə iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Samir Abbasov ötən ilin yekunları, Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlığın inkişaf etdiyini, mədəni əlaqələrdə xeyli tədbir və layihələrin reallaşdığını bildirib. O, Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində Azərbaycan mədəniyyəti həftəliyi, Şuşa günləri, Azərbaycan kinosu günlərinin və Bakıda isə Özbəkistan mədəniyyət günlərinin təşkil edildiyini qeyd edib.

Samir Abbasov ənənəvi mövzularla yanaşı bu il müsabiqəyə “Heydər Əliyev və Türk dünyası, Özbəkistan”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nominasiyaların da daxil edildiyini qeyd edib.

Daha sonra çıxış edən Özbəkistan Jurnalistlər İttifaqının sədr müavini Akbarhon Maqdiyev ölkələrimiz arasında mədəniyyət və mətbuat sahələrində əlaqələrin durmadan inkişaf etdiyini, müsabiqədə 2023-cü ilin Prezident Şavkat Mirziyoyev tərəfindən ölkədə “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunmasını nəzərə alaraq xüsusi nominasiya müəyyənləşdirildiyini söyləyib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanın yerli KİV-ləri ilə sıx əməkdaşlıq qurduğunu və bunun nəticəsində əvvəlki illərlə müqayisədə hər il yerli mətbuatda Azərbaycana dair 500-dən artıq məqalə və verilişlərin yayımlandığını vurğulayıb.

Daha sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbirin sonunda iştirakçılara bədii - musiqili proqram təqdim olunub.

Qeyd edək ki, bu müsabiqə 2013-cü ildən başlayaraq hər il təşkil olunur. Müsabiqədə elan olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan arasında dostluğuna dair ən çox materiallar dərc edən mətbu orqanlar”, dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görülürlər.