Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinə yekun vurulub. Dekabrın 28-də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra FHN-in İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilib.

Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 24-də start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 539 rəsm, 83 plakat, 493 əl işi, 101 yanğın və qəza-xilasetmə texnikasının modeli və 128 yumşaq oyuncaq təqdim edilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Beləliklə, 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.