28-29 dekabr tarixlərində Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Gəncə Regional Turizm İdarəsi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət – qış nağılı” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib.

Tədbirin keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcılıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlarla insanlar arasında əlaqələrin qurulması, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsidir.

“Gəncə qalası” ticarət mərkəzində təşkil edilən sərgi-yarmarkada sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgidə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən RMİ-nin rəis vəzifəsini icra edən Pərvin Kazımov, KOBİA-nın Gəncə-Qazax Regional Koordinatorluğunun əməkdaşı Anar Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Dövlət Filarmoniyası solistlərinin rəngarəng ifaları şəhər ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb, sərgiyə əlavə rəng qatıb.

Nurəddin