Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ağbulaq kəndində yeni istirahət mərkəzi istifadəyə verilib. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək bildirib ki, istirahət mərkəzinin bu ərazidə inşası təsadüfi deyil. Hələ sovet dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Qeyd olunub ki, Ağbulaq istirahət mərkəzində yay və qış turizminin inkişafı üçün əlverişli şərait var. Bütün bunlar nəzərə alınaraq “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq müvafiq layihə icra olunub.
   İstirahət mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 3,5 hektar ərazidə 3 yaşayış korpusu və yeməkxana binası inşa olunub. İkimərtəbəli korpuslarda ümumilikdə 38 otaq var. Otaqlarda istirahət üçün hər cür şərait yaradılıb, sürətli internetlə təchiz edilib. Həyətdə futbol meydançası yaradılıb, uşaq əyləncə qurğuları qoyulub.
   
   Ceyhun