Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən xəstəlikdən sonra, ömrünün 49-cu ilində vəfat edib.

Aygün Aydın qızı Hümbətova (Aygün Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.

1988-ci ildə yeni yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına solist olaraq qəbul edilib. 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Sonradan Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Aygün Bəylər 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xanəndəlik fakültəsinə daxil olub. Burada Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqa görkəmli sənətkarlardan muğamın incəliklərini öyrənib.

2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində ənənəvi keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülüb.

2005 – 2010-cu illərdə Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.

Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Aygün Bəylərin əziz xatirəsi qəlblərdə yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Aygün Bəylərin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.