Amerika yazıçısı Teodor Drayzer 1871-ci il avqustun 27-də İndiana ştatının Teppe-Xot şəhərində anadan olub. O, Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindəndir.
Ədəbi fəaliyyətə 1892-ci ildə jurnalist kimi başlayıb. İlk oçerk və hekayələri 1897-ci ildə çap olunub. 1900-cü ildə yazdığı “Kerri bacı”, 1911-ci ildə nəşr olunan “Cenni Gerhardt” romanlarında sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid edib. Yazıçının “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi” , “Titan” və “Dözümlü adam” romanlarında Amerika inhisarçı kapitalizmi ifşa olunur.
Drayzer 1915-ci ildə yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsini əks etdirib. O, 1925-ci ildə Amerika ədəbiyyatında realizmin zirvəsi olan “Amerika faciəsi” romanını yazıb.
Drayzer sosializm quruluşuna rəğbət bəsləyib, “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaradıb.
Yazıçı 1927-ci ildə SSRİ-yə gəlib və səfər təəssüratını “Drayzer Rusiyaya baxır” kitabında əks etdirib. Qeyd edək ki, Drayzer bu səfəri zamanı 1927-ci ilin dekabrında Bakıya da gəlib. İçərişəhəri gəzib, Əli Bayramov adına Qadınlar Klubunda və Qaraşəhərdəki zavodlarda olub. Yazıçının Bakı haqqında təəssüratı isə onu səfərdə müşayiət edən şəxsi katibi R.E.Kennellinin “Teodor Drayzer və Sovet İttifaqı” kitabında əksini tapıb.
Yazıçı 1945-ci il dekabrın 28-də vəfat edib.
Çingiz