2024-cü ildə  Qazaxıstanda kitabxanalar üçün vahid rəqəmsal platforma fəaliyyətə başlayacaq.

Qazaxıstan Respublikası Nazirlər Kabinetinin məlumatında bildirilir ki, hazırda ölkədə 11 mindən çox kitabxana müxtəlif informasiya sistem və kataloqlarından istifadə edir. Kitab fondunu nizama salmaq üçün vahid avtomatlaşdırılmış platforma hazırlanır. Yeni platforma sayəsində oxucular axtardıqları kitabı və yaxud onun elektron versiyasını asanlıqla tapa biləcəklər.

Bunun üçün vahid elektron oxucu biletləri də tətbiq ediləcək. İstifadəçilər elektron hökumət portalı vasitəsilə qeydiyyatdan keçməklə həmin bileti ala bilərlər.

Yeni platformada həmçinin kitab fondunun onlayn artırılması funksiyası da nəzərdə tutulub. Nəşriyyatlar da bu funksiyadan istifadə edə bilərlər: yeni əsərlər ödənişli abunə şərti ilə sistemə yüklənəcək. Bununla da, özəl nəşriyyatların və müəlliflərin maraqlarını qorumaq mümkün olacaq.

Qazaxıstan Baş nazirinin müavini Tamara Duysenova bu barədə danışarkən deyib: “Rəqəmsal platforma ölkənin bütün kitab fondunun vətəndaşlar üçün əlçatan olması məqsədilə yaradılır. İlk növbədə 10 ən iri kitabxana elektron varianta keçəcək. Qalan kitabxanalar isə yoxlanılacaq. Yalnız oxucular üçün axtarış proqramlarını kitab fondunun imkanlarına uyğunlaşdırmaq lazım gələcək”.

Gülcahan