Yanvar təkcə yeni təqvim ilinin deyil, həm də yeni addımların, təşəbbüslərin başlanğıcı ola bilir. O cümlədən mətbuat sahəsində. Məsələn, 1 yanvar 1934-cü ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının orqanı – “Ədəbiyyat” qəzeti (sonralar “Ədəbiyyat və incəsənət”) nəşrə başlamışdı. 57 il sonra, 2 yanvar 1991-ci ildə müəyyən mənada o qəzetin varislərindən sayıla biləcək yeni nəşrin – “Mədəniyyət” qəzetinin ilk sayı çapdan çıxıb. Mədəniyyət Nazirliyinin mətbu orqanı olan qəzet artıq 33 yaşını geridə qoyub.

Yeni olanlar isə, bir məlum məsəldə deyildiyi kimi, yaxşı unudulmuş, yəni, əslində, yaddan çıxmayan köhnələrdir. Bir neçə il əvvəl “Qəzetlər nədən yazırdı?” başlıqlı rubrikamız vardı. Orada illər öncənin mətbu səhifələrinə nəzər salır, qəzetlərdən seçmələr dərc edirdik. Həmin rubrikaya təkrar qayıtmaq qərarına gəldik. Həm də təkcə ötənlərin mətbu yaddaşda qalan maraqlı, əlamətdar fakt və olaylarını deyil, vaxtilə gündəmə gətirilmiş ayrı-ayrı problemləri də yada salmaq üçün. Çünki yaşadıqlarımıza, gördüklərimizə nəzərən etiraf etməliyik ki, istər ölkə miqyasında, ümumən cəmiyyətdə, istərsə də daha çox əhatə etdiyimiz mədəniyyət sahəsində illər əvvəl qaldırılmış, gündəmdə olmuş xeyli məsələlər, problemlər var ki, bu gün də aktualdır, həlli vacibdir...

Yenilənən rubrikada ilk olaraq elə “Mədəniyyət”in arxivinə göz yetirdik.

İllər öncənin dövri mətbuat nümunələrinə nəzər salmaq imkanına görə Milli Kitabxanaya təşəkkür edirik.

 

1994-cü il...

 

Muzeylərin problemi

 

“...Əgər Hacıqabul, Yevlax, Bərdə, Biləsuvar, Samux və Siyəzən rayonlarında tarix-diyarşünaslıq muzeylərinə indiyə qədər yer verilməyibsə, hansı mədəniyyətpərvərlikdən söz açasan? Bu hal paytaxtda da mövcuddur. Dövlət qərarı olmasına baxmayaraq bu günədək Bakı Şəhər İcra Hakimiyyəti Rəşid Behbudovun, Fikrət Əmirovun, Qara Qarayevin,  Süleyman Rəhimovun, Rəsul Rzanın və digər sənətkarlarımızın ev muzeyini yaratmaq üçün əməli tədbir görməyib. Bina sarıdan acınacaqlı vəziyyətdə qalan təşkilatlarımızdan biri də Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpası Mərkəzidir. Zaqafqaziyada yeganə müəssisə olan bu mərkəz barədə haralara müraciət olunmayıb. Lakin, hələ də nəticə yoxdur. Bu onu göstərir ki, biz milli tariximizə, maddi-mənəvi dəyərlərimizə lazımınca qiymət verməyə qadir deyilik... Belə olmasaydı, Masallı, Şərur, Tovuz, Şamaxı və Şəmkirdə muzey binası boşaldılıb başqa təşkilatlara verilməzdi. Belə olmasaydı, kommersiya şirkətləri bizim Muzey Mərkəzimizin binasına göz dikməzdi...

...Vətəndaş antik əşyanı satmaq istəsə, muzeylərin onu almağa gücü çatmır. Bu dövlət əhəmiyyətli məsələdir. Nə qədər ki, vətəndaş halal malını öz dəyərinə dövlətə sata bilmirsə, o öz xalısını, yaxud başqa əşyasını xaricdə yüksək qiymətə satmaq niyyətindən əl çəkməyəcək...”.

Muzeylərə həsr olunmuş respublika müşavirəsindən sonra mədəniyyət nazirinin müavini Şəmsəddin Axundovla müsahibədən.

 

***

 

Qısa xəbərlər

 

1993-cü ilin noyabrında fəaliyyətə başlayan “İlham” miniatür teatrının ikinci tamaşası bu günlərdə təhvil verilib. Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi İlham Namiq Kamalın tək ifasında oynanılır. Hazırda miniatür teatrında üçüncü tamaşa hazırlanır. Rəhman Əlizadənin “Dünyanın axırı” əsəri.

 

***

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi İrandan qastroldan qayıdıb. 15 gün Təbrizdə, 5 gün Ərdəbildə Süleyman Rəşidinin “Allah onlara rəhmət eləsin” əsərinin tamaşası ilə çıxış edən aktyorların oyunu cənublu qardaşlarımız tərəfindən maraqla qarşılanıb. Maraqlıdır ki, əsəri tamaşaya qoymaq Tehran İrşadi  İslam İdarəsi tərəfindən sifariş verilib. Teatrı qastrola da həmin idarə dəvət edib.

 

***

 

Azərbaycan Mədəniyyət Fondunda görkəmli dilçi alim, tənqidçi, siyasi xadim Aydın Məmmədovun anadan olmasının 50 illiyi münasibətilə xatirə gecəsi keçirilib. Gecədə mərhum alimin yaxın dostları, iş yoldaşları çıxış etmiş, onun yaradıcılıq irsini toplayıb çap etdirmək barədə məsələ qaldırmışlar.

 

***

 

Azərbaycan Teatr Xadimləri İttifaqı və “Saler” firması A.M.Şərifzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ikinci monotamaşalar festivalı keçirir.

(“Mədəniyyət” qəzeti, 27 yanvar 1994-cü il)