41 nəfər təcrübə üçün xaricə göndərilib
Azərbaycan Turizm İnstitutunun tədris proqramına uyğun olaraq tələbələr istehsalat və yay tanışlıq təcrübəsinə göndəriliblər. İnstitutun mətbuat xidmətindən verilən xəbərə görə, təhsilin təcrübə ilə əlaqələndirilməsi metoduna müvafiq olaraq, tələbələrin 3 və 6 aylıq istehsalat və yay tanışlıq təcrübəsini həm Azərbaycanda, həm də xarici ölkələrin hotel şəbəkələrində və turizm müəssisələrində keçmək imkanları var. Hazırda ATİ tələbələrindən 20 nəfər İsraildə, 11 nəfər Türkiyədə, 10 nəfər Şimali Kipr Türk Cümhuriyyətində, 150-dən çoxu isə Azərbaycanda təcrübəni uğurla davam etdirirlər.
Qeyd edək ki, Turizm İnstitutunda təhsilin istehsalat və yay tanışlıq təcrübəsi ilə əlaqələndirilməsi peşəkar və yüksək ixtisaslı turizm xidməti işçiləri ordusunun formalaşmasına xidmət edir.
Fəxriyyə