Parisdə Adil Rüstəmovun xatirəsinə həsr olunan sərgi

 

Yanvarın 7-də Parisdəki “Said Ismailoff” qalereyasında Əməkdar rəssam Adil Rüstəmovun (1943–2018) xatirəsinə həsr olunmuş “Rəssamın Xəzər və Normandiyadan baxışları” adlı sərgi açılıb.

Xəzər Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə reallaşan sərgidə mərhum rəssamın müxtəlif üslub və mövzuda 40-a yaxın əsəri nümayiş olunur. Əsərlər müəllifin vətəni Azərbaycanı və həyatının bir dövrünü keçirdiyi Fransanın Normandiya bölgəsini əks etdirir.

Sərginin açılışında rəssamın nəvəsi Adel Naibova çıxış edərək Adil Rüstəmovun yaradıcılığından danışıb. Bildirib ki, o, dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak edib, bir sıra mükafatlara layiq görülüb, sənətin sirlərini gənclərə öyrədib.

Qeyd edək ki, Adil Rüstəmov 2012-ci ildə Fransanın Normandiya bölgəsində yaşayan qızının yanına köçmüşdü. Vəfatından 10 gün əvvəl 75 illik yubileyini qeyd edən rəssam qəzetimizə müsahibəsində demişdi: “Yubileyimi ölkəmdən kənarda qeyd etsəm də, ürəyim hər zaman Azərbaycanladır. Burada çəkdiyim əsərlərin hamısı Qarabağ və Normandiya mövzularıdır. Cismən vətəndən uzaq olsam da, qəlbən Bakıdayam, Abşerondayam...”.

Sərgi yanvarın 15-dək davam edəcək.

Lalə