627 min keçmiş məcburi köçkünün (167 773 ailə) FİN əsaslı siyahısı alınıb, təhlili aparılıb.

Bunu Dövlət Məşğulluq Agentliyi İdarə heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfərin adlı siyahısı üzrə təhlillər aparılıb.

Qeyd edilib ki, artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.

Həmçinin postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub.