Dörd körpə həlak olub

 

Xəbər verildiyi kimi, yanvarın 9-u səhər saatlarında Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.

Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi (FHN) və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in yaydığı birgə məlumatda bildirilir ki, yanğın FHN və Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı fəaliyyəti ilə mərkəzdən təxliyə həyata keçirilib.

Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev və Baş prokuror Kamran Əliyev Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerində olublar. Yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat verilib.

Sonra Anar Ələkbərov, Teymur Musayev və Kamran Əliyev yanğın zamanı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərə baş çəkiblər.

Qeyd edək ki, yanğın hadisəsindən sonra mərkəzdən ümumilikdə 60 körpə təxliyə edilib. TƏBİB-dən verilən məlumata görə, körpələr 6 tibb müəssisəsinə təxliyə olunub.