Milyonları ekran qarşısına “məhkum edən” audiovizual sənətə baxış
Bir az tarixçə
Teleserialların sələfləri kinematoqrafın yaranmasından az sonra meydana gələn kinoseriallardır. Kifayət qədər uzunluqda kinoplyonka əldə etmək texniki cəhətdən mümkün olmayan dövrlərdə tamaşaçılara ya hissələrə ayrılmış böyük bir əhvalat, ya da ümumi qəhrəmanı olan ayrı-ayrı kinoəhvalatlar təklif edilirdi.
Radionun inkişafı radionovellalara meydan verdi. Yeri gəlmişkən, təsəvvürümüzdə xoşbəxt sonluqlu çoxseriyalı filmlərlə assosiasiya olunan “sabun operaları” təşbehi tamamilə müstəqim məna və tarixçəyə malikdir. Həm də televiziyadan əvvəl, radio dövründə təşəkkül tapıb. XX əsrin 30-40-cı illərində daha çox sentimental ev xanımları üçün nəzərdə tutularaq günorta saatlarında efirə gedən verilişlərin süjetinin inkişafı ən maraqlı yerində yarımçıq dayandırılır, ertəsi gün davam etdirilirdi. Belə radioserialların günbəgün artan populyarlığına ən operativ reaksiya sabun və yuyucu toz istehsal edən edən şirkətlər tərəfindən olmuşdu – onlar radioserialların sponsorları və əsas reklamçıları qismində çıxış etmişdilər. Məhz bu səbəbdən itiağllı amerikalılar bu cür serialları “sabun operası” adlandırıblar. Radionovellalardan teleseriallara keçid dövrü 40-cı illərin sonu – 50-ci illərin əvvəllərini əhatə edir.
Teleserial – açıq sonluqlu, başqa sözlə, əksər hallarda final səhnəsinə malik olmayan, yaxud qismən tamamlanmış süjetli telefimlər silsiləsidir. Hər bir serial istehsalçısının məqsədi tamaşaçını ekran qarşısında uzun müddət saxlamaqdır. Buna görə bədii keyfiyyəti yüksək olan seriallar azlıq təşkil edir.
Çoxseriyalı telefilm termini 1990-cı illərin əvvəllərinə qədər Almaniya və Rusiyada istifadə edilib. Belə telefilmlər tamamlanmış süjetə və seriyalar arasında güclü əlaqəyə malik olurlar. Belə telefilmlərin seriyaları az, silsilə daxilindəki telefilmlərin sayı isə qeyri-məhdud sayda ola bilər.
Serialların populyarlığı tamamilə asan, hətta bəsit rejissor yanaşması ilə bağlıdır. Biz hər hansı bir seriala istənilən seriyadan baxmağa başlaya bilərik və bu zaman süjet xəttinin qırıqlığı elə də hiss olunmaz.
Göründüyü kimi, hər bir çoxseriyalı filmin öz xassəsi, “hücrə”si, özünün yaranma tarixçəsi var. Və onların hamısını serial adlandırmaq qətiyyən doğru deyildir.
Ekspert fikri
Kino və televiziya eksperti Nadir Bədəlov mövzuya əhatəli yanaşmağın tərəfdarıdır: “Fikirlərimi bu sahəyə münasibətimdən başlamaq istəyirəm: serial bekar adamlar üçündür və serial həm də adamları bekarçılığa sövq edir. Amma bu heç də mənfi münasibət deyil. XIX əsrdə bu gün klassik ədəbiyyat nümunələri sayılan əsərlər də serial formatında həftəlik qəzetlər üçün yazılıb. Dikkensin, Balzakın, hətta Dostoyevskinin, Tolstoyun əsərləri. Amma bu həftəlik qəzetləri tarlada, fabriklərdə işləyən adamlar oxumurdu, bu mətnlər burjuaziya üçün yazılırdı. Onlar oxuyur və düşünürdülər. Deməli, boş vaxt qiymətli anlayışdır, tarixi çevirmək qüdrətinə malikdir. Bugünkü seriallar bunu edə bilirmi? Mənim sevdiyim seriallar var. Məsələn, “Farqo”, “Tvin Piks” və s. Bu seriallar və yaxud çoxseriyalı filmlər informasiya verir və düşündürür. Amma əksər seriallar melodramatik və ya yumoristik “köpüklərdən” ibarət olduqları üçün onlara sərf etdiyin vaxtı doğrultmur. Bu iştirakçılar hər həftə, bəzən hər gecə sənin evinə qonaq gəlir və bu, aylarla, illərlə davam edir. Və bir gün artıq marağın sönür, çünki maraqlandıra biləcək nəyisə tapmaqda müəlliflər də, qəhrəmanlar da çətinlik çəkirlər. Bir məşhur Amerika kinoşünası gözəl deyib: serial ürəksındıran janrdır”.
Vizual “vitaminlər”
İnsanın fiziki orqanizminə keyfiyyətli, vitaminlərlə zəngin qida zəruri olduğu kimi, mənəvi orqanizmi də keyfiyyətli yaradıcı məhsula ehtiyac duyur. Bu yerdə “aradabir beyin dincəlməlidir, yüngül, rahat filmlərə baxmalıdır, həmişə düşündürücü yaradıcı məhsullarla təmas yorucu ola bilir” arqumentini əsas götürənlərə bildirək ki, sizinlə tamamilə razıyıq. Amma “yüngül və rahat” təyini bayağı və zövqsüz təyinləri ilə sinonim təşkil etməməlidir – beyinlərin dincəlməsi yüngül və rahat audiovizual məhsul səviyyəli və zövqlü olduğu halda baş verə bilər. Əks halda bu, mədəmizi “fast-food”la doldurub aldatmağa bərabər bir aktdır.
Nəticə varmı?
Əlbəttə, bu nəticə hələ son nəticə deyil. Amma mən də mövzu ilə bağlı bir qənaətimi bildirim: Türkiyə telerejissorlarından fərqli olaraq Azərbaycan rejissorlarında bu janr baxımlı alınmır. Situativ komediyaları istisna etməklə. Eyni qənaəti rusiyalı rejissorların da serial yaradıcılığına aid etmək olar. Onlardan söz düşmüşkən, “Sındırılmış fənərlər küçəsi” filminin quruluşçu rejissoru Dmitri Svetozarov sovet serialları ilə indiki Rusiya serialları arasındakı fərq haqqında danışarkən belə bir fikir yürüdüb: “Tələbatın təklifi aşkar üstələdiyi müasir televiziya şəraitində hər kəs rejissor adlandırıla bilər. Bizə isə sənətə şit və biliksiz kəsləri yaxın belə buraxmayan bədii şuralar epoxası üçün məyus-məyus xiffət etmək qalır...”.
Samirə Behbudqızı
P.S. Bu mövzunu hələ 12 il əvvəl müzakirə obyektinə çevirmişdik. Ötən müddətdə vəziyyət dəyişməyib. Səbəb həm də serial, çoxseriyalı film, “sabun operası” janrlarının eyni müstəviyə qoyulmasındadır. Bunu diqqətə almayan kinorejissorlarımız da az deyil. Hətta “nə fərqi var” deyə sual edənlər də var. Fərq olmasaydı bu təsnifat meydana gələrdimi? Dil yaradıcılığı əlifbadan başlayır. Kinonun da əlifbasına yaxşıca bələd olmaq zəruridir ki, hansı janrda film çəkdiyinin fərqində olasan...