Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Dantenin yubileyi” adlı tamaşa nümayiş olunacaq.
Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, quruluşçu rəssamı Samirə Həsənovadır.
Tamaşada Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.