Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2000-ci il 24 may

 

Prezident Heydər Əliyev Gəncə şəhərinə səfəri gedişində Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, şəhər sakinləri qarşısında nitq söyləyib.

“...Bu məqbərənin tarixi böyükdür. İlk dəfə burada, Nizami Gəncəvinin qəbri üzərində abidə 1948-ci ildə tikilibdir. O vaxtlar Nizami Gəncəvinin 800 illik yubileyi keçirilirdi. Ancaq o vaxt yaranmış məqbərə Nizamiyə layiq deyildi. İkincisi, siz yəqin xatırlayırsınız, gəncəlilər bilir ki, burada yaxınlıqda gil-torpaq kombinatı tikildi. Kombinatın işləməsi üçün əsas xammal alunit idi, texnologiyası da çox yüksək səviyyəli deyildi. Ona görə də orada – gil-torpaq kombinatında alunitin işlədilməsi zamanı toz çıxırdı və Nizami Gəncəvinin məqbərəsini də toz basırdı. Bu, bizi narahat edirdi...

Gəncənin ətrafında nə qədər istəsən yer var, onu harada istəsəniz tikmək olardı. Onu yaradanlar da bilirdilər ki, bu istehsal elədir ki, toz buraxır. Onu bizim ən böyük, ən müqəddəs tarixi abidəmiz olan Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin yanında yerləşdirmək, mən deyərdim ki, vaxtilə mənəvi cinayət olmuşdur... Ancaq nə etməli? O vaxt gərək ya bu müəssisəni dağıdaydıq – bu da mümkün deyildi, çünki Sovet İttifaqının böyük tikintilərindən biri idi, – ya da, deyirdilər ki, əgər bu mümkün deyilsə, tədbir görün, Nizami Gəncəvinin məqbərəsini başqa yerə köçürək. Onu da etmək mümkün deyildi, bunu da etmək mümkün deyildi. Biz neçə illər bu əziyyəti çəkdik. Sonra burada texnologiya dəyişildi, əsasən boksitə keçildi. Boksiti Qvineyadan alırdıq. Biz bunlarla illərlə məşğul olmuşuq...

...Görürəm ki, bura da tərtəmizdir. Yəqin ki, mən gəldiyimə görə təmizləməmisiniz, həmişə belə təmizdir... Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhv kimi səhvlər buraxmasınlar.

...Nizami Gəncəvinin 840 illik yubileyini Azərbaycanda, sonra Moskvada çox təntənə ilə keçirdik. O vaxt, yubiley ərəfəsində də qərar verdik ki, buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq bir səviyyəyə çatdırılsın. Mən məmnunam ki, bunu etdik. Amma indi baxanda hesab edirəm ki, bundan da yaxşı edə bilərdik. Güman edirəm, əgər vaxt çatsa, biz bunu edəcəyik. Amma vaxt çatmasa, gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur...”.

 

2000-ci il 27 may

 

28 May – Respublika Gününə (2021-ci ildən Müstəqilik Günü – red.) həsr olunmuş mərasimdə nitq söyləyib. Mərasimin bədii hissəsi – konsert başa çatdıqdan sonra səhnə arxasına keçib, incəsənət ustaları ilə görüşərək söhbət edib.

“...Mən bu gün çıxış edəndə bütün Azərbaycan vətəndaşlarını təbrik etdim. Eyni zamanda təşəkkür edirəm ki, siz bu gün yenidən çox gözəl bir konsert göstərdiniz və hamımızı sevindirdiniz. Bu gün böyük bayramdır, bizim əziz bayramımızdır. Bu sevinci daha da çox artıran sizin bu gözəl çıxışlarınız, sənət nümunələrinizdi...

Bu gün də çıxışımda dedim, – bundan sonra imkanımız daha da çox olacaqdır. İqtisadiyyatımız inkişaf edir, gəlirimiz artır, bundan sonra daha da çox artacaqdır. Nə qədər ki, çox artacaq, o qədər də birinci növbədə mədəniyyətə sərf olunacaqdır. Çünki mədəniyyət hər şeydən üstündür...”.

 

2000-ci il 17 iyun

 

Çuvaşiyanın Xalq yazıçısı, Ümumçuvaşiya İctimai Mədəniyyət Mərkəzinin prezidenti akademik Mişşi Yuxmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“...Siyasi Büronun üzvü, (SSRİ) Nazirlər Soveti sədrinin birinci müavini olanda çox səfərlər edirdim. Amma ən çox Rusiyanı gəzməyə çalışırdım. Yadımdadır, axşam sizin milli ansambl konsert verdi. Mən sizin rəqslərinizi, mahnılarınızı xatırlayıram... Mahnıları da çuvaş dilində oxuyurdular, ifa edilən rəqslər də çuvaş rəqsləri idi...

...Mənə xoşdur ki, siz “Dədə Qorqud”un 1300 illiyində də olmusunuz. Bu, çox yaxşıdır. Bizim Polad Bülbüloğlu, TÜRKSOY-un sədri bu yaxınlarda mənə dedi ki, Çuvaşiyada TÜRKSOY-un növbəti iclası keçirilmişdir. TÜRKSOY çox mühüm rol oynayan təşkilatdır. Çünki indi xalqlarımızın tarixi köklərinin bərpası ən çox mədəniyyət, ədəbiyyat, tarix vasitəsilə həyata keçirilməlidir... İqtisadiyyat hər yerdə iqtisadiyyatdır... Ancaq mədəniyyəti, dili, adət-ənənələri artıq heç kim dəyişə bilməz. Elm, texnika nə dərəcədə inkişaf etsə də, nə kimi sıçrayışlar edilsə də, hətta Marsa uçsalar da, xalqların qədim ənənələri heç vaxt ləğv oluna bilməz.

...Türk xalqlarının, o cümlədən də çuvaş xalqının necə qədim, zəngin tarixi, zəngin sivilizasiyası var. Mən şadam ki, sizdə dirçəliş prosesi gedir...”.

 

2000-ci il 23 iyun

 

Rusiyanın tanınmış modelyeri Valentin Yudaşkini və azərbaycanlı modelyer Fəxriyyə Xələfovanı qəbul edib.

“...Tarixən elə olub ki, hər bir xalqın öz geyim forması olmuşdur. İndi dünyada qəbul edilmiş geyim forması isə Avropada yaranmışdır. Bununla belə, keçmiş zamanlarda çox gözəl şəxsi geyim formaları olub və indi də tətbiq edilə bilər. Həmin geyimi indi biz ancaq teatrda və ya kinoda görürük. Yeri gəlmişkən, bizim yaxşı teatr rəssamlarımız olub, onlar müxtəlif tamaşalar, xüsusən də keçmiş tariximizə aid tamaşalar üçün eskizlər veriblər, – bunlar qalmışdır. Azərbaycanda gözəl, çox gözəl qadın geyimi olmuşdur...  Onu modernləşdirmək olar... Onda dünyada rəngarənglik olar. Yoxsa ki, indi təkcə Avropa modasını əsas götürmüşlər. Şəxsən mən azərbaycanlı kişilərin keçmiş vaxtlarda geyindikləri paltar formasına qayıtmaq istəməzdim. Qadın geyiminin isə çox gözəl və cürbəcür olduğunu, zənnimcə, bilirsiniz – kataloqlar, kitablar var...”.

Hazırladı: V.Orxan

(davamı var)