Heç vaxt gəlməyən, gəlməyəcək, nə bilmək olar, bəlkə də gələcək qatarı bu dəfə “Yuğ”çular “gözləyirlər”.
Bəli, Yuğ Dövlət Teatrında türkiyəli dramaturq, məşhur beyin cərrahı Toyqun Orbayın Azərbaycan teatr cameəsinə yaxşı tanış olan “21:15 qatarı” tamaşasının məşqləri gedir.
Səhnə əsərini teatrın baş rejissoru, maraqlı quruluşları ilə bundan əvvəl də öz yaradıcılıq imkanlarını ustalıqla nümayiş etdirən Mikayıl Mikayılov hazırlayır.
Rolları Xalq artisti Məmmədsəfa Qasımov (Kişi sərnişin), Əməkdar artistlər Gülzar Qurbanova (Qadın sərnişin), Fərhad İsrafilov və Sonaxanım Mikayılova (Vağzal bələdçisi) ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Müəllifin bu birpərdəli pyesi 2002-ci ildə qələmə alınıb və Türkiyə daxil olmaqla bir neçə ölkənin teatr səhnəsində fərqli yozumlarda sənət ömrü yaşayıb.
Bizdə bundan öncə Akademik Milli və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulan əsərə özünəməxsus poetikası olan “Yuğ”da necə baxılacağını ilk olaraq özüm üçün ayırd etməkdən ötrü məşq prosesini izləmək qərarına gəldim.
Öncə onu deyim ki, məşq prosesi xoş, dinc təəssürat yaratdı və bir anlıq da olsa, bizi yarıqaranlıq, kiçik zaldakı cansıxıcı söhbət ortamından (pyesdə yetəri qədər ağır həqiqətlər dönə-dönə ifadə olunur deyə) alıb xəfif mehin müşayiətində xəzəllərin xışıltısında “gəzintiyə aparır”. Bu qədər poetik təəssüratın bir səbəbi də, sözsüz ki, Məmmədsəfa – Gülzar cütlüyünün gəlməyəcəyini bildikləri qatar üçün keçirdikləri intizarlı gözlənti və bunu 15-16 yaşlı gənc qız ilə oğlanın sadəlövhlüyündə ustalıqla əritməklə əzizləmələridir.
Keçək əsərə. Burada biz adi vağzalın təsviri ilə qarşılaşırıq. Qoca vağzal bələdçisi öz işinin başındadır. Yəqin ki, həyatının da tək qayəsi məhz bu vağzal və onun sərnişinləridir. Skamyada əyləşən kişi də çox rahatdır. Ətrafda baş verib-verməyən heç nə vecinə deyil. Gah kitab, gah qəzet vərəqləyir, gah da qulaqcıqda musiqi dinləyir. Bu dəm bir qadın özünü yetirir və bütün tör-töküntüsü ilə sükutu pozur. Dəyişməyən saat əqrəbləri üzərindən gəzişməklə hər şeyi dünyanın mərkəzi halına gələn vağzalda yaşayıb, yaşatmaq istəyir. Təbii ki, anladığı kimi...
Məşqi izləyə-izləyə özlüyümdə rejissorun məhz bu əsərə nəyə görə müraciət etməsinə dair ştrixlər də tapdım. Çünki əsərdə həm “Yuğ” poetikası, həm absurd teatrın elementləri sezilir. Lap Samuel Bekketin Qodosunun intizarı kimi burada da bir intizar, gözlənti hakimdir. Özü də rejissor və aktyorun əsər üzərindən ifadəsində.
Fasilədə əsər və ona verdiyi yozum barədə danışan M.Mikayılov deyir ki, müəllif mənim özüm üçün çox maraqlıdır: “Onun mükəmməl cərrahlığı fərqli yaradıcılıq üslublarına bağlanmasına da yol açıb. Bilirsiniz, onun valehedici, dərin qatlı rəsm nümunələri də var. Müəllif kimi də çox fərqlidir. Ona əsərinə quruluş verəcəyimi deyəndə çox sevindi. Bununla bağlı uzun söhbət etdik.
Qatar bələdçimiz həm də qadındır. Mənim üçün məmur qəribə personajdır. Burada o obrazı Fərhad müəllimlə yanaşı, Sona xanım da oynayır”.
Ümumiyyətlə, tamaşada baş verən hər şey təkrarlanır. İnsanlar öz problemlərində, travmalarında ilişib qalıblar və əslində, çıxış yolu da yoxdur. Onlar tənha və bədbəxt insanlardır, həm də bir-birlərinə ehtiyacları var. Ən dəhşətlisi odur ki, onlar bu gerçəyi anlamırlar. Anlamaya-anlamaya da qatar bələdçisinin “Qatar platformaya yaxınlaşır!” xəbərdarlığının intizarında qulaqbatıran səssizliklərinin “ərməğanı” tənhalıqlarında itib-batırlar.
Yaradıcı heyəti fərqli ovqata kökləyən əsərin baş qəhrəmanı – Kişi sərnişin M.Qasımov obrazı haqqında təəssüratlarını belə ifadə etdi: “Mənim yaradıcılığımda bu, tamamilə fərqli bir rol olacaq. İstər görüntü, istər düşüncə, istərsə də yanaşma baxımından. Bundan əlavə, işin mənim üçün ən böyük dəyəri “Yuğ”un yaradıcıları olan aktyorların bir tamaşada məşğul olmasıdır və bu mənada, tamaşa mənim üçün daha dəyərlidir”.
Qatarı gözləyə-gözləyə öz məhkumiyyətlərindən arınmağa çalışan Qadın sərnişin Gülzar Qurbanovanın fasilədə də tamaşanın, prosesin təsirini üzərindən atmadığı bariz sezilir: “Biz bu həyata məhkumuq. Eyni günü, eyni şeyləri yaşayırıq. Təqvimlər dəyişsə də, hadisələr, vərdişlər, münasibətlər, bəzən də düşüncələr, hisslər öz girdabında çapalayır. Heç nə baş vermir və biz bu qayda-qanunlar qutusunun içindəyik. Azadlığımız yoxdur. Qaçaqaç-qovhaqovun içində özünü müəyyənləşdirmək, seçimini etmək də müşkül olur. Əslində, insan olaraq hər birimizə seçim imkanı verilib. Sadəcə, həyatımız həm də gözləməklə keçir deyə daim bu nigarançılığın, gərginliyin içində özümüzün nə istədiyimizi anlaya bilmir və xaosa sürüklənirik. Mənə elə gəlir ki, bu əsər bizi özümüzlə baş-başa qalmağa vadar edir və onda anlayırıq ki, biz azad hiss və düşüncələrimizi, istəklərimizi ifadədə gecikirik. Nəticədə də bu gözlənti içində ölümü, hətta ondan sonranı da gözləməklə ötürürük həyatımızı...”.
Bu tamaşada ilk dəfə qadın aktrisanın ifasında görəcəyimiz Vağzal bələdçisi S.Mikayılova isə obrazı, hələlik dialoqa çalışdığı qəhrəmanı haqqında deyir: “Bu qatarın bələdçisi adi bir insan deyil. O, mistik bir şəxsdir. Gah var, gah da yox. Hələ də axtarışdayam. Burada onun cinsiyyətinin fərqi yoxdur. Heç əsərdə də bilinmir ki, bu qadındır, ya kişi. Amma hər ikimiz, sözsüz ki, rejissorun vahid quruluş xəttində, öz aktyor ştrixlərimizi də qatmağa çalışırıq. Konkret olaraq mən qəhrəmanımı qara qüvvə kimi görürəm və onu “Əgər başqalarına əziyyət vermək istəyirsənsə, onları daim gözlət”mək kimi missiya ilə göndərilmiş mif olaraq hiss edirəm.
F.İsrafilov da qəhrəmanı haqqında təxminən eyni təəssüratdadır. Amma o, oyununa, səhnədəki bələdçisinə bir az ümid də qatıb: “Mənim bələdçim mistik, maraqlı, güclü, hətta bir az da əyləncəli adamdır. Belə olmasaydı, gəlməyən qatarının sərnişinləri də olmazdı. Burada daha fərqli, incə bir məqam da var; insan son gününə qədər ümid edir, ümidi tükənəndə də ölür. Hər birimiz bu hisslə yaşayırıq. Elə qatarı gözləmək ümidi və əminliyində olanlar kimi. Çətin, ağır əsərdir. Amma maraqlıdır. İnanıram ki, tamaşaçı da bizə qoşularaq əsərdə, ondan çıxış edərək həyatında, hisslərində, onu əhatə edən dünyada nə isə axtaracaq və tapacaq”.
Müəllif T.Orbay “Mən özüm seyrçi olsaydım, o qatarı ölüm kimi dəyərləndirərdim. Ancaq mənə görə, ölüm yoxdur. Ölüm olduğunda mən onsuz da olmayacam. Ona görə də qoy hər kəs istədiyi kimi yozsun” desə də “Yuğ” veteranları və gənc quruluşçu ona bir az da ümid, yolun sonundakı işıq kimi də baxıblar. Getdikcə öləzisə də, sönməyən işıq kimi...
Həmidə Nizamiqızı