Türkiyənin mərkəzindən şərqinə unudulmaz səyahət təklif edən dünyanın ən yaxşı dəmir yolu marşrutlarından biri olan “Şərq ekspresi” sərnişinlərini qarşılamağa hazırdır.

Təxminən 1310 km uzunluğunda olan qatar səfəri paytaxt Ankaradan başlayır. Qatar Kırıkkale, Kayseri, Sivas, Ərzincan və Ərzurumdan keçir və Qarsda səfərini yekunlaşdırır. Təxminən 26 saat davam edən səyahət sərnişinlərə ölkənin coğrafiyasını müşahidə etməyə imkan verir.

Qeyd edək ki, Ankara-Qars marşrutu üzrə iki ayrı qatar fəaliyyət göstərir. Bunlar “Şərq ekspresi” və “Turistik Şərq ekspresi”dir. Birincidə fasilə vaxtları məhdud olsa da, ikincidə sərnişinlərin marşrut boyunca bölgəni daha çox gəzə bilməsi üçün iki-üç saatlıq fasilə imkanı var.

“Turistik Şərq ekspresi” səkkiz çarpayı vaqonu və bir yemək vaqonundan ibarətdir. Turistik qatarın artan populyarlığı onu səyahətçilər üçün unikal qış əyləncəsinə çevirir. Səyahətin son dayanacağı olan Qarsda Fəthiye məscidi, Kümbet məscidi, Qars qalası kimi gəzib-görməli yerlər var. UNESCO-nun Dünya İrs Siyahısında yer alan Ani arxeoloji şəhəri də səyahət marşrutuna daxildir. Qarsda dünyanın üçüncü ən hündür xizək yolu və Sarıqamış Xizək Mərkəzi də yerləşir.

Mehparə Sultanova
Ankara