Deyəsən, peşman olublar
Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə AZƏRTAC-a Fransanın Evian-le Bən şəhər meriyasından bildirilib.
Qeyd edilib ki, Evian-le Bən şəhərindəki görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib, daş lövhələr sındırılıb. “Meriya heykəlin təmir edilməsi və təmizlənməsi, eləcə də bağın adını daşıyan daş lövhələrin bərpası üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq”, – deyə açıqlamada vurğulanıb.
Məlum olduğu kimi, dünyanın mədəniyyət mərkəzlərindən hesab edilən, BMT-nin təhsil, elm, mədəniyyət üzrə təşkilatının mənzilləndiyi Fransada XIX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan, “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu UNSECO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Evian-le Bən şəhərində Natəvanın heykəlinə qarşı atılan bu addım Fransa hökumətinin mədəni irsin qorunmasına, eləcə də müxtəlif mədəniyyətlərə olan “hörməti”ni əks etdirir.
Azərbaycanın özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyən Fransada mədəniyyəti siyasi ambisiyalara qurban verənlərin gücü daş lövhələrə və cansız heykələ çatıb. Şəhərin bələdiyyə şurasının müxalif partiyadan olan və Azərbaycanın güclənməsini həzm edə bilməyən üzvlərinin hikkəsi ilə “Azərbaycan bağı” adlanan parkdakı qoyulmuş lövhələr götürülüb, Natəvanın heykəli isə vandalizm aktına məruz qalıb. Son illər islamofobiya, antisemitizmin getdikcə artdığı Fransa bir qrup səriştəsiz siyasətçinin ucbatından nüfuzunu itirməkdə davam edir. Özlərini “siyasətçi” adlandıranlar, müəyyən lobbi qruplarının əlində alətə çevrilən bəzi şəxslər mədəniyyət və incəsənətin xalqları, insanları və ölkələri birləşdirən körpü olduğunu dərk edə bilmirlər.
Amma son günlər fransalı rəsmilərdən məsələ ilə bağlı gələn açıqlamalar heykəldən acıq çıxmğın nə qədər axmaq bir ideya olduğunu dərk edənlərin də varlığını göstərir.
“Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb” – bunu isə AZƏRTAC-a Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.
Vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılmasına gəlincə, o, sözügedən parkda videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Bən şəhəri arasında dostluq və əməkdaşlıq haqqında xartiya imzalanıb. Xartiyanın məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr vermək olub. Bu addımlar atılıb, qarşılıqlı səfərlər baş tutub. 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və bağda “Dostluq” bulağının, eləcə də Xurşidbanu Natəvanın heykəlinin açılışı olub. 2023-cü ilin dekabrında heykəl vandalizm aktına məruz qalıb. Yerli bələdiyyənin bir qrup üzvü Natəvanın heykəlinin bağdan götürülməsini tələb edib.
Çağdaş dünyada mədəni irsin qorunması qlobal miqyasda ortaq məsuliyyətdir. Mədəni irsin qorunması təkcə maddi mühafizə məsələsi deyil, həm də mədəni müxtəlifliyin ümumbəşəri əhəmiyyətinin təsdiqidir. Fransada bəzi siyasətbazlar bunu unudublar...