Yaradanın görkəmli görkü, Turanın ərdəmli türkü...
Sən onun bütün yazdıqlarını oxumusan - qədir-qiymətcə “köhnə”, xətir-hörmətcə vəfalı oxucu! Şahmar Əkbərzadə o ədiblərdən deyildi ki, oxunmayası yazı da yazaydı!
Siz onun bütün söhbətlərini, xatirələrini xatırlayırsınız - çevrəsindən getmişlərin ruhları, “qalanlara salam olsun!” deyib getdiyi dost-tanışları!
Bəs, o nəhəng boy-buxunu ilə ipək yuxalığı, adındakı məlum “çalanlıq” mənası ilə mərifət-mədəniyyət ladındakı könülçalanlığı, gözəllikalanlığı, qəlblərə odsalanlığı, dərdəqalanlığı arasındakı fərqlərin farkına da varmısızmı, əfəndilər?!.
Sözün bəlasına düşən...
Onu yaxşı tanıdığımdan və bir az da yandığımdan belə yazdım bu yarımcan yarımbaşlığı. Neynim, o, bu canan bəlaya halalından da artıq diqqət yetirir, bağrıbadaş misraları qaragöz-qaraqaş balalarından bir bal yuxarı geyindirib-kecindirirdi!..
Necə ki “çün bəla istər”di Füzulini, eləcə də söz azarı sağaldırdı “müstər Şahmar”ı. Bütün şairiyyətə məxsus “min gözəlin içindən təkcə səni” “istehlakçılığına” rəğmən, bu “söz arısı” dil gülçiçəkstanımızdan köz-köz kəlmələr çəkirdi. O vaxtadək axtarıb-arayırdı ki, tapdığından “dodağıballı” yarı da yarıyırdı, ucqar bir kənddəki “folklorabənzər qarı” da. Elə poetik dava-dərman yaradırdı ki, olumun da işinə yarayırdı, ölümün də:
Səndən zülümlər görsəm -
Zülümdən gözəl nə var?
Dizin üstə can versəm -
Ölümdən gözəl nə var?!.
Ölümü də gözəlləşdirən gözəl şairimiz, həmişə bizə “neynim-necə eləyim” kimi problem “janrlarından” uzaq olmağı arzulayan əzəl dostumuz! İndi mən Sən haqda bir kitablıq sözümü-söhbətimi necə bəyan edim, onda doqquz hissəsini vəfalı yarının - öz Mələyinin müsahibəsinə ayırdığımız bir qəzet səhifəsinin “bir qırnığına” necə sığışdırım?
Amma neynək, vəfalı yar, ...sənsiz cəfalı Mələk xanım ən vəfalı dostdan belə yüz köynək irəlidir...
- Mələk xanım, 2000-ci ilin bu günlərində gözəl şairimizdən necə ağrılı, üzüntülü ayrıldığınızdan az-çox xəbərdarıq... Allah rəhmət eləsin... Hə, bu uzun sayğı sükutumuzdan və sədaqət rəmzi olan göz yaşlarınızdan sonra... indi... deyin görək, necə tanışmışdınız?..
- Şahmar atamın uzaq qohumu olsa da, münasibətlərimiz çox isti idi. Babam Əliş bəy sovet vaxtı tutulub Orta Asiyanın Çimkənd vilayətinə sürgün edildiyindən, atam Qarabağdan Gəncəyə köçüb. Amma Qarabağdakı qohumlarımızla, xüsusən, Şahmargillə get-gəlimiz qalırdı. Atam Şahmarın xətrini həddən ziyadə istəyirdi. Mənsə onu ali məktəbə daxil olduqdan sonra tanıdım. Mən ADU-da (BDU), o isə Pedaqoji Dillər İnstitutunda oxuyurduq.
O, tez-tez qardaşımla kirayə yaşadığımız evə gəlib, maraqlı söhbətlər etməkdə, şeirlər oxumaqda, mənsə, yavaş-yavaş onun mənə olan duyğularını anlamaqda... Amma, düzü, mənim ona qarşı ciddi bir hissim yox idi. Hətta qohumluq “normalarından” artıq gəlib-getdiyini və söz açmağa fürsət axtardığını başa düşüb, üzümü turşutduğum da olub. Mən “Bir də bu universitetə gəlmə!” demiş, o da “Yaxşı...” deyib getmişdi.
İnstitutu bitirib təyinat aldığı doğma kəndində rus dili müəllimi işlədiyi vaxtlar qəzet və jurnallardan onun şeirlərini oxuyur, qohum kimi rəğbət bəsləyirdim. İki ildən - mən universiteti bitirəndən sonra, atam ağır xəstəliyə tutuldu. Qarabağlı qohumlarımız bizi tək qoymur, tez-tez atama baş çəkirdilər. Ələlxüsus da Şahmar! Atam da ona o qədər öyrəşmişdi ki, gəlməyəndə darıxırdı.
Atam 30 may 1967-ci ildə - ölümündən bir neçə saat əvvəl hamını otaqdan çıxarıb Şahmarla məni saxladı. Əcəl üzüntüləri içərisində ordan-burdan söhbət etdi, çox sevdiyi türk şairi Tofiq Fikrətin bir şeirini oxudu və qəflətən mənə müraciətlə: “- bu dünyada ən çox kimi istəyirsən?” - dedi. Özümü itirdim və “- Sən kimi istəyirsən, onu” - dedim. “- Mən Şahmarı istəyirəm!” - deyib, bizim əllərimizi birləşdirdi və gözlərini əbədi yumdu...
Çox ağır “atasız günlər” yaşayır, nə edəcəyimi, nə qərar verəcəyimi bilmirdim...
Şahmar hər həftə Ağdamdan Gəncəyə - atamın məzarını ziyarətə gəlir, hər gün zəng edirdi. Elə “İrəm, mirəm” şeiri də o günlərin yadigarıdır:
Haçandı ürəyim dağlanır köz-köz,
Dəstəkdən üstümə od ələnibdir.
Könlümün həsrətlə gözlədiyi söz,
Telefon xəttində çiliklənibdir.
Telefon telini bağrına basıb,
Çalıb-oxuduğu “Yanıq Kərəm”di.
Neyləsin, “sev” - çatıb, sözün arxası,
Bilmir ki, “irəm”di, yoxsa “mirəm”di.
Həmin günlərin birində yenə bizə gəlmişdi və mən ona çay süzəndə nəlbəkidə “quş” formalı bir kağız gördüm:
Durmusan “hə” ilə “yox” arasında,
Birini deməyə cəsarət eylə.
İqtisad elmini sevib-seçənim,
Verdiyin əzaba qənaət eylə...
Deyim ki, mənim “nəm-nüm”ümün, “verdiyim əzaba qənaət etməməyimin” bir səbəbi də evimizdə, atamdan başqa, heç kəsin bu izdivaca razı olmaması idi...
Növbəti gəlişində mənə yeni bir şeir verdi. İndiyə qədər heç kəsə göstərmədiyim bu şeirdən bir bəndi ilk dəfə sizə - onun öz milli məhəbbət və zəhmətilə yaratdığı “Mədəniyyət” qəzetinə oxuyuram:
Əkiz yaranıbdır olumla ölüm,
Bu yasda bir az da vuruldum, gülüm.
Bilmirəm, bu dərdə ağlayım, gülüm...
Yasda eşqimizə gülsəm, qan düşər -
Gülməsəm, ölərəm, Allah amandır!..
Beləcə, 1969-cu il noyabrın 1-də köhnə “İnturist”in böyük zalında toyumuz oldu.
Çox dəbdəbəli keçən o toyda kimlər yox idi... Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Zeynal Məmmədov, Süleyman Ələsgərov, Ziyad Səmədzadə, Şahbaz Muradov...
- Bu qırov-qarovlu tapışma fəsillərindən sonra... gəlir alovlu yaşam-yapışma illəri...
- Hə, 31 illik gözəl, mənalı ailə həyatımızdan 4 övladımız oldu. O 31 ildə də, dünyasını dəyişdiyi bu 11 ildə də onun ər-ata tərbiyəsi, ailəsinə bağlılıq mədəniyyəti, cəmiyyətdəki mövqeyi ilə qürur duymuş və duymaqdayam. Bir söz də demək istəyirəm... Belə ki, fikirləşəndə, bəzən onun məndən əvvəl dünyasını dəyişməyinə “sevinirəm”. Çünki hər günü bir ilə bərabər olan bu son, bu əbədi hicranın çalın-çarpaz dağlarına mən idim ki, dözə bildim! Necə deyərlər, “torpaq idim dayandım, daş olsam - əriyərdim!” Razı ola bilməzdim ki, mən çəkən əzabları o çəksin. Mən ölsəydim, onun infarkt ürəyi buna dözməz, övladlarımız tamam başsız qalardı...
- O vaxtların oxucuları üçün - istedadından tutmuş görkəminədək - çox orijinal, sevimli şair olan Ş.Əkbərzadə sizin o vaxtlarınız üçün necə ər, ömür-gün yoldaşı idi? Və təbii - qadınlığın əbədi atributu: qısqanclıq...
- Bəli, onun çox yaraşıqlı, cazibəli və istedadlı gəncliyi vardı. Təbii ki, belə bir kompleksə laqeyd qalmayan bir çox institut yoldaşları, dost-tanışları, şeirsevərlərlə yanaşı, ayrıca “Şahmarsevərlər” də vardı.
Onun istər boy-buxununa, yar-yaraşığına, istərsə də şeirlərinə heyran olan qızların çoxluğundan mənim də xəbərim var idi. Lakin mənim bu fikrimə onu yaxından tanıyanlar da şahidlik edərlər ki, Şahmar dürüst adam, əxlaqlı ər idi. Onun mənə dərin sevgisinə və sədaqətinə tam əmin idim. Bununla yanaşı, “onu qısqanmırdım” desəm, yalan olardı. Amma o heç vaxt bu təbii və normal duyğularımın problemə çevrilməsinə şərait yaratmırdı.
- Onun dostları çox idi. Bu çoxun yüzdə biri neçə nəfər olar; ən yaxşı “trio” kimlər və sizcə, birincisi kim idi?..
- Şahmar jurnalistika sahəsinə keçdikdən sonra respublikamızın hər guşəsində, dünyanın çox ölkələrində ezamiyyətlərdə olur və dünya şöhrətli ədiblərlə, incəsənət nəhənglərilə dostluqları da o görüşlərdən başlanır, dərinləşirdi. Və məndə, bayaq dediyiniz qısqanclığın bir “növ”ü yaranmışdı ki, “deyəsən, o, dostlarını bizdən çox istəyir...” Qaldı “dostlarının yüzdə biri”, “trio”, “birincisi” məsələləri. “Yüzdə biri”ni barmaqla saymaq olar: Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Qarabağda “Bala Marks” deyilən Zeynal Məmmədov, Həsənağa Salayev, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Çingiz Aytmatov, Cavad Heyət... “Trio”nu bir qədər “virtual” görürəm: Xudu - Bəxtiyar - Nurəddin, Xudu - Zeynal - Çingiz, Xudu - Nurəddin - Bəxtiyar... Allah hamısına rəhmət eləsin.
- Bir dəfə Xudu müəllim dedi: “Şahmar ki, poeziyadan bu qədər yanıqlı-qanıqlı danışır, deyəsən onun ilk məhəbbəti şeir olub...”
- Mən o qəni-qəni rəhmətliyin fikrilə tam şərikəm. Əgər Şahmarın ilk məhəbbəti şeir olmasaydı, yəqin ki, mən də onu bu qədər sevə bilməz, son məhəbbəti ola bilməzdim...
- Məlum hadisələrə qədər Qarabağı nə qədər sevib-sevdirdiyi, vəsf etdiyi bizə də məlumdur. Ömrünün son on iki ilində isə bizim üçün məchul məqamları da olurdu...
- Şahmar evdə də “çöl işləri”lə məşğul olurdu. Ümumittifaq, beynəlxalq mətbuata da məqalələr yazırdı. Çingiz Aytmatovun SSRİ Ali Sovetinə bağlı dönəmində elə həftə olmazdı ki, onunla telefonla danışıb bu məsələlər barədə fikir mübadiləsi etməsin. O, İttifaq qəzetlərində çalışan dostları ilə tez-tez telefon əlaqəsi saxlayırdı, bəzən bir aylıq telefon borcumuz onun aylıq maaşını üstələyirdi.
- Şair idi - maddi baxımdan sizin dar gününüzə nəsə qoyub gedəsi deyildi ki... Bəs mənəvi baxımdan necə, ən çətin anınızda hansı şeirlərini “xərcləyir”siniz?
- Artıq 11-ci ildir ki, bu evin əri, atası, babası onun şeirləridir! Bu kitablar, bu şəkillər bizim canlı canımızdır. Hər gün evimizə tanımadığımız adamlar telefon açırlar. Bizdən onun kitablarını istəyənlər olur, iştirak etdiyimiz məclislərdə Şahmarın şeirlərini eşidirik. Dünyasını dəyişdikdən sonra - ailəmizin dəstək-qatqısı olmadan - Türkiyədə və İranda şeir kitabları çap olunub. Beləliklə, Şahmarın şeirləri artıq tək elə bizim ailəyə, bizim xalqa yox, bütün Türk, Turan ədəbiyyatına məxsuslaşıb. Bu durum bizim üçün ən böyük qürur və dolanışıq mənbəyidir. Mənə gəldikdə isə - bir insan kimi, halal xanımı kimi başımın tacı bildiyim Şahmarın bütün şeirlərini özünü sevdiyim qədər sevirəm...
Ey ulular ulusu!
Düzdür, “Sözün də su kimi lətafəti var”, amma yer, həcm zərurətinə görə “hər sözü az demək...” heç də həmişə xoş olmur. Bir sinə sözüm qalsa da, bu yazını Sənin “Şahmarın heç kimi yoxdur” adlı (və “Bir nəfər...” imzalı) şeirinin iki bəndi ilə bitirməyi daha məqbul saydım:
Məni tənha bilmə, yalnız sayma sən,
Analar anamdır, tacımdır mənim.
Dəli həsrətimi ovudub öpən
Yovşanlar, lalələr bacımdır mənim.
Orxan - Yeniseyin, qədim Sibirin,
Sirli yazıları sirdaşlarımdır.
Ölməz Füzulinin, bir də Sabirin
Başdaşı doğmaca qardaşlarımdır.
Tahir Abbaslı