“Euronews” telekanalında qədim Şəki haqqında reportaj yayımlanıb
   
   “Euronews” televiziya kanalında Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Şəki şəhəri haqqında süjet yayımlanıb. Süjetdə əsrarəngiz təbiət qoynunda yerləşən Şəkidən “Qafqazın mirvarisi” deyə söz açılır.
   
   Qeyd olunur ki, Şəki şəhəri Böyük Qafqaz dağlarının ətəklərində, tarixi İpək Yolunun üzərində yerləşir. Bu diyar ta qədimdən ticarətçiləri özünə cəlb edən məkan olub.
   Şəkinin tarixi haqqında danışan telekanal əməkdaşı bildirir ki, XV əsrdən Azərbaycanın bu şəhəri öz ipəyi ilə məşhurlaşmağa başlayıb. Beləliklə, Şəki bütün Qafqazın ipəkçilik mərkəzi kimi tanınıb. 1861-ci ildə şəhərdə dünyanın ən iri ipəkçilik fabriki inşa edilib.
   Daha sonra qeyd olunur ki, əl ilə toxunan xalçalar şəhərin ən sevimli məhsullarından sayılır. Xalça iplərinin rənglənməsində təbii üsullardan istifadə olunur. Məsələn, bu ipliklər qırmızı soğanla boyanır. Təxminən 8 aylıq əl əməyinin nəticəsi olan bu xalça sanki sənət əsəridir.
   Fabrikdə müasir texnikadan da istifadə olunur. Burada istifadə edilən ipliklər fabrikin istehsalı olan ipəkdən hazırlanır.
   Şəki Xan Sarayından danışan “Euronews” əməkdaşı qeyd edir ki, zərif vitrajları olan saray da məşhurluğunu ipək sənayesinə borcludur. Maraqlısı odur ki, bu vitrajlar italyan tacirlərinin ipək ticarəti üçün gətirdikləri rəngli şüşələrdən düzəldilib. O da bildirilir ki, bu möhtəşəm saray Məhəmməd Hüseyn xan tərəfindən 1762-ci ildə inşa olunub. Daha bir maraqlı məqam ondan ibarətdir ki, 9 il bundan əvvəl Dünya Bankı tərəfindən təmir olunan sarayın tavanları heç bir mismar və yapışqan istifadə olunmadan bərpa edilib.
   Reportajda Azərbaycanda zəngin ənənələrə malik məkan - çayxanadan da danışılır. Qeyd olunur ki, burada çayın özünəməxsus içilmə qaydası vardır. Orta əsrlərdə mövcud olan inanca görə, çayın şəkərlə içilməsi zəhərlənmənin qarşısını alırmış. Çaya qatılan kəklikotu və nanədən daha gözəl bir ətir ola bilməz. Çay Şəkidə müqəddəs nemət sayılır.
   Şəki həm də şəfalı təbiəti ilə məşhurdur. XIII əsrdə bura ziyarətə gələn məşhur səyyah Marko Polo torpaqdan çıxan qara lildən bəhs edib. Hazırda bu qaynaqlardan həm xam neft yağı çıxarılır, həm də müalicə məqsədilə istifadə edilir. Yüz illərdir ki, insanlar burada neft vannaları qəbul edirlər. 
   
   Turistlərin sevimli məkanı
   
   “Rossiya 24” telekanalında da Azərbaycanın qədim Şəki şəhərinə həsr olunmuş veriliş yayımlanıb. Verilişdə şəhərin qədim tarixindən və bənzərsiz koloritindən, şəhər sakinlərindən, onların qonaqpərvərliyindən və incə yumor hissindən söz açılır. Müəlliflər Şəkidə ipək və xalça istehsalı tarixinə toxunaraq, müasir avadanlıqla təchiz edilmiş ipək kombinatı barədə məlumat verirlər.
   Rusiya telekanalının izləyiciləri hazırda hotel funksiyalarını yerinə yetirən karvansaralarla, qədim diyarın turizm potensialı və nadir təbiəti, Şəkinin yaxınlığında yerləşən qədim alban kilsəsi ilə tanış olublar. Şəki Xan Sarayından danışan müəlliflər bildirirlər ki, bu tikili Azərbaycan memarlığının ən yaxşı ənənələrinin təcəssümüdür. Verilişdə özünəməxsus və əvəzolunmaz dadı ilə seçilən Şəki mətbəxinin zəngin ənənələrindən də söz açılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar