Akademik Kamal Talıbzadənin muzeyşünaslıq fəaliyyəti ilə bağlı tədbir keçirildi

 

Yanvarın 10-da Muzey Mərkəzində “Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirildi.

Abdulla Şaiqin Mənzil-Muzeyinin görkəmli ədəbiyyatşünas, pedaqoq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Kamal Talıbzadənin (1923 – 2006) 100 illik yubileyi silsiləsindən növbəti tədbiri alimin muzeyşünaslıq fəaliyyətinə həsr edilmişdi.

Muzeyin direktoru Ülkər Talıbzadə qonaqları salamladı, bütün iştirakçılara təşəkkürünü bildirdi.

Elm, mədəniyyət və incəsənət xadimləri Kamal Talıbzadə ilə bağlı xatirələrini bölüşdülər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Kamal Talıbzadəni orta məktəbdə oxuduğu illərdən tanıdığını dedi: “Onun Abdulla Şaiqin oğlu olduğunu da bilirdim. İlk tanışlığım isə aspirantura imtahanı verdiyim gün olmuşdu. Kamal Talıbzadə, sözün həqiqi mənasında, klassik bir ziyalı idi”.

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qeyd etdi ki, ona elm yolunda ilk xeyir-duanı Abdulla Şaiq ocağı və Kamal Talıbzadə verib: “Kamal müəllimin elmi səmimiyyəti, müdrikliyi heç vaxt yadımdan çıxmır. O bizə həmişə hər hansı elmi məsələni dərinliklə başa salırdı. 26 yaşı olanda akademiyada şöbə müdiri işləmişdi. Öz yaşını qabaqlayan müdrikliyi onu yaşıdlarından fərqləndirirdi. O, ensiklopediya kimi bir adam idi”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru akademiyanın müxbir üzvü Ərtegin Salamzadə Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi” kitabından söz açdı: “Ədəbiyyatşünaslıq, əslində, ədəbiyyat haqqında refleksiyadır. Sənətşünaslıq incəsənətin refleksiyasıdır. Kamal müəllimin bu əsəri, baxmayaraq ki, ədəbi tənqidə həsr olunub, bütövlükdə ədəbiyyatşünaslığı bir elm kimi əhatə edir”.

Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli Kamal Talıbzadənin böyük və əqidəli bir nəslin nümayəndəsi olduğunu dedi: “Onun dərs dediyi tələbələr sonralar Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi yer tutublar. Ədəbiyyat İnstitutunun inkişafında Kamal müəllimin birbaşa rolu olub. Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı yazdığı dissertasiya dövrünün ən populyar ədəbiyyatşünaslıq əsərlərindən idi”.

Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin professorları Knyaz Aslan, Vaqif Sultanlı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qafqazlı da akademiklə bağlı xatirələrini bölüşdülər.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyova Zülfüqar Hacıbəyovun Abdulla Şaiqin eyniadlı əsərinə bəstələdiyi “Nüşabə” operasından uvertüranı ifa etdi. A.Şaiqin sözlərinə bəstələnmiş Səid Rüstəmovun “Sevirəm səni”, Əşrəf Abbasovun “Oxu, bülbülüm” romansları respublika və beynəlxalq müsabiqələr laureatları Nigar Əsgərova (vokal) və Ayan Aslanovanın (fortepiano) ifasında səsləndi.

Əməkdar artist, aktyor Şövqi Hüseynov isə A.Şaiqin “Yad et məni!” şeirini xüsusi ilhamla səsləndirdi. Məclis iştirakçıları aktyorun çıxışını alqışla qarşıladı.

3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin müəllimi Gülnarə Qurbanova və kiçikyaşlı vokalçıların ifasında Cahangir Cahangirovun və Səid Rüstəmovun A.Şaiqin sözlərinə bəstələnmiş mahnılarından ibarət musiqi çələngi də maraqla qarşılandı.

Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin hazırladığı Kamal Talıbzadənin foto və kitablarından ibarət sərgi də nümayiş etdirildi. Alimin həyat və fəaliyyətini əks etdirən slayd-şou təqdim olundu.

Lalə Azəri