“Azerbaijan Airlines” daha çox inkişaf etmiş daşıyıcılar arasındadır
Son bir neçə ildə dünyanın ən yaxşı aviaşirkəti sayılan “Qatar Airways” bu titulu əldən verib. Dubayın “Emirates” şirkəti “World Airline Awards” mükafatının təqdim olunduğu vaxtdan bəri ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qətərin şirkəti 2009-cu ildən “Skytrax” tərəfindən tərtib olunan reytinqdə iki il idi liderliyi qoruyub saxlayırdı. “Emirates” reytinq cədvəlində 2012-ci ildə 8-ci, 2011-ci ildə isə 10-cu yerdə olub.
“Singapore Airlines” bir il əvvəl olduğu kimi yenə də 3-cü yerdə qərarlaşıb. Yaponiyanın “ANA All Nippon Airways” şirkəti 4-cü, “Asiana Airlines” isə 5-ci yerdədir. Dünya aviadaşıyıcılarının “Top-10” siyahısının ikinci yarısında “Cathay Pacific Airways”, “Etihad Airways”, İndoneziyanın “Garuda”, “Turkish Airlines” və Avstraliyanın “Qantas Airways” şirkətləri yer alıb.
Rusiyanın “Aeroflot” şirkəti 85-ci yerdən 61-ci yerə, “Transaero” isə 72-ci yerdən 65-ci yerə qalxıb. Yeri gəlmişkən, sonuncu “daha çox inkişaf edən daşıyıcılar” beşliyinə başçılıq edib. Bu siyahıda “Transaero”nun ardınca “Azerbaijan Airlines” (AZAL) və Norveçin aviaşirkəti gəlir. Avropa şirkətləri arasında “Lufthansa” (Almaniya) ikinci onluğa başçılıq edir.
“Ən yaxşı aeroport xidməti” nominasiyasında 10 yerdən 9-u Asiya aviaşirkətləri - “ANA All Nippon Airways”, “Asiana Airlines”, “Korean Air”, “Japan Airlines”, “Hainan Airlines”, “Singapore Airlines”, “Cathay Pacific Airways”, “EVA Air”, və “Dragonair” tərəfindən tutulub. Avropa aviaşirkətlərindən yalnız “Lufthansa” bu siyahıya düşə bilib. Reytinq cədvəli dünyanın 160 ölkəsindən olan 18 milyondan çox sərnişin arasında aparılmış rəy sorğusu əsasında hazırlanıb.