Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə işıq üzü görüb.
Təbrizin “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya (ərəb qrafikalı Azərbaycan əlifbası) Milad Teymuri (Teymur Turanlı) çevirib.
Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilib. Romanda dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılıb.
Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı çeşidli dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.
Qeyd edək ki, “İnsan dənizi” müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan əvvəl yazıçının eyniadlı romanı tanınmış türkoloq Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) yayımlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görüb.